Asiyada gərginliyin artdığı bir vaxtda Yaponiya hökuməti hərbi sahədə tarixi qərar verib.
AzPost xəbər verir ki, Nazirlər Kabineti ölkənin tarixində ən böyük “müdafiə” büdcəsini təsdiqləyib və bu addım Çinlə münasibətlərdə artan qarşıdurma fonunda atılıb.
Məlumata görə, növbəti maliyyə ili üçün nəzərdə tutulan hərbi büdcə 9 trilyon yendən çoxdur. Bu göstərici əvvəlki büdcə ilə müqayisədə 9,4 faiz artım deməkdir. Sözügedən qərar Yaponiya hökumətinin beşillik planı çərçivəsində müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizinədək yüksəltmək strategiyasının dördüncü ilinə təsadüf edir.
Büdcə əsasən cavab zərbəsi imkanlarının və sahil müdafiəsinin gücləndirilməsinə yönəlib. Rəsmi açıqlamalara görə, “yer–gəmi” tipli raket sistemləri, həmçinin pilotsuz silah və müşahidə vasitələri bu planın əsas elementləridir. Yaponiya sahil xəttinin qorunması üçün 100 milyard yen vəsait ayıraraq hava, dəniz və sualtı pilotsuz aparatların geniş şəkildə tətbiqini nəzərdə tutur. Bu sistem “Qalxan” adı altında 2028-ci ilin martına qədər tam istifadəyə verilməlidir.
Hərbi xərclərin artırılması Yaponiya ilə Çin arasında münasibətlərin kəskinləşdiyi dövrə təsadüf edir. Pekin uzun müddətdir Tokionun müdafiə potensialını gücləndirməsinə etiraz edir. Gərginlik xüsusilə Yaponiya rəhbərliyinin Çin Tayvana hücum edərsə, ölkənin hərbi qarşıdurmaya qoşula biləcəyi ilə bağlı açıqlamasından sonra daha da artıb.
Bu bəyanat Çində ciddi narazılıq yaradıb və Pekin bir sıra diplomatik və iqtisadi addımlarla cavab verib. Yaponiya hökuməti isə açıqlamaların geri götürülməyəcəyini və bunun ölkənin müdafiə siyasətinə təsir etmədiyini bildirir. Çin rəsmiləri isə Tokionun hərbi və kosmik texnologiyalar sahəsindəki fəaliyyətlərini açıq şəkildə tənqid etməyə davam edirlər.
Çin Müdafiə Nazirliyi Yaponiyanın ABŞ-la birgə həyata keçirdiyi kosmik layihələrin kosmosun hərbiləşdirilməsini sürətləndirdiyini və yeni silahlanma yarışına yol açdığını bəyan edib. Rəsmi Pekin bu addımları regionda sabitliyə ciddi təhdid kimi qiymətləndirir.
Qeyd edək ki, Yaponiyanın müharibədən sonrakı konstitusiyası ölkənin gücdən beynəlxalq mübahisələrin həlli üçün istifadə etməsini qadağan edir. Lakin 2015-ci ildə qəbul edilən dəyişikliklər Yaponiyaya müəyyən hallarda “kollektiv özünümüdafiə” hüququ verir. Hazırkı milli təhlükəsizlik strategiyasında isə Çin Yaponiyanın əsas strateji çağırışı kimi göstərilir və ABŞ-la təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi prioritet sayılır.