Yaponiya və ABŞ liderləri iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər

Yaponiyanın Baş naziri Fumio Kişida ötən ilin oktyabrında hökumət başçısı seçildikdən sonra ABŞ Prezidenti Co Bayden ilə ilk dəfə geniş və ətraflı müzakirələr aparıb.

Bu barədə Yaponiya hökumətinin yanvarın 22-də yaydığı məlumatda qeyd edilir.

Bildirilir ki, iki ölkənin liderlərinin təqribən 80 dəqiqə davam edən və onlayn formatda keçirilən danışıqları zamanı, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq, beynəlxalq və regional əhəmiyyətli məsələlər müzakirə olunub.

Yaponiya ilə ABŞ arasında müttəfiqlik münasibətlərinin çox möhkəm olduğunu vurğulayan liderlər birgə təhdidlərə qarşı ümumi imkanlardan istifadəyə sadiq qalacaqlarını bildiriblər.

Görüş zamanı Yaponiyanın Baş naziri cari ilin birinci yarısında Yaponiya, ABŞ, Avstraliya və Hindistanın daxil olduğu QUAD alyansının liderlərinin sammitinin keçirilməsini təklif edib.

İki ölkənin liderləri, həmçinin Hind-Sakit okean regionunda Şimali Koreyanın raket sınaqları və mövcud status-kvonun dəyişdirilməsi cəhdləri da daxil olmaqla yaranan təhdidlərə qarşı birgə mübarizə aparılması barədə razılığa gəliblər.

Yaponiyanın Baş naziri ölkəsinin milli təhlükəsizlik strategiyasına yenidən baxılacağını və müdafiə potensialının gücləndiriləcəyini də qeyd edib. ABŞ Prezidenti öz növbəsində ölkəsinin Yaponiyanı həmişə müdafiə edəcəyini vurğulayıb.

Görüşdə iki ölkə liderlərinin iqtisadi əməkdaşlıq barədə yüksək səviyyəli danışıqları qaydaya salmaqla bağlı razılıq əldə etdikləri də bildirilir.

Eyni zamanda, ABŞ Prezidentinin F.Kişidanın ölkəsini ziyarət etmək barədə təklifini qəbul etdiyi də qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Masallıda 80 yaşlı qadın yaşadığı evdə yanaraq ölüb

Sonrakı məqalə

Azərbaycanda neft ucuzlaşıb