“Yatmış gözəl” nağılının şok orijinalı –Zorakılıq və dəhşətli son

Nağıl, yoxsa psixoloji triller?

Biz əzəldən nağıl oxuyan olmuşuq deyə, “Yatmış gözəl” nağılını bilməyən olmaz. Ancaq hamının bildiyi sonradan dəyişdirilmiş və yumşaldılmış versiyadır. Bəs görəsən, bu nağılın ilkin müəllifi kim olub və əslində orijinal versiyada hadisələr necə cərəyan edib?

“Yatmış gözəl”in orijinal versiyasının yaranma tarixi XII-XIII əsrlərə gedib çıxır və XXI əsrin baxış bucağından təhlil edəndə, əməlli-başlı sadizm elementləri görürük. Bunun ən açıq-saçıq və ədəbsiz təfərrüatlarla zəngin olan ilkin versiyası 1630-cu illərdə italyan qrafı Cambattist Bazilenin adı ilə bağlıdır. Həmin versiyanın xülasəsi belədir:

Kral evli imiş. Yiyəsiz qəsrdə yatmış gözələ rast gələndə, kral onu məsum öpüşlə rahat buraxmır. Vəhşicəsinə onu zorlayır. Qız bu həngamədən sonra da oyanmır. Əlqərəz, hamilə qalan gözəl doqquz aydan sonra elə yatmış halda dünyaya əkiz övlad gətirir. Körpələr analarının üstündə iməkləyib südlə bəslənirlər. Ana isə yatmaqda davam edir. Bir dəfə körpələrdən biri anasının barmağını sorur və ona batırılmış tilişkəni dartıb çıxardır. Sən demə, ona cadu olunubmuş.

Gözəl dərhal yuxudan ayılır və özünü iki körpə ilə bomboş qəsrdə görür. Həmin vaxt kral təsadüfən oradan keçirmiş. Dişində şirə qalan kral yenə qəsrə girir. Uşaqları görəndə vicdanı oyanır və həmin gündən etibarən gizlicə onlara ərzaq daşımağa başlayır.

Sarayda isə məşum planlar düşünülürdü; belə ki, kralın arvadı ərinin bu xəyanətindən xəbər tutduqdan sonra haqq-hesabı klassik yolla çürütməyi qarşısına məqsəd qoyur. Niyyəti qızı tonqalda yandırmaq, körpələrin də ətindən krala xörək bişirmək idi.

Lakin hadisələr başqa məcraya yönəlir. Kraliça qəsrə gəlir, qızı soyundurub dirəyə bağlayır. Od vurub yandırmaq istəyəndə kral içəri girir, dirəkdəki qızın gözəlliyindən vəcdə gəlir. Arvadından bezdiyinə görə onu tonqala atmağı əmr edir. Sən demə, körpələr də sağ qalıbmış. Aşpaz onları xilas edib gizlədibmiş.

1697-ci ildə fransız yazıçısı Şarl Perro bu məşum nağılı əməlli-başlı “senzuradan” keçirir; zorlamanı yuxu və məsum öpüşlə əvəz edir. XIX əsrdə isə Qrimm qardaşları nağıla bir az da əl gəzdirərək onu körpələr üçün tam təhlükəsiz və şirin bir nağıla çevirirlər.

Aygün Əziz

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.