Bakıda yerləşən Yeni Klinikanın onlayn növbə sistemi vətəndaşın narazılığına səbəb olub. AzPost xəbər verir ki, Cavid adlı şikayətçi bildirir ki, klinikada tətbiq edilən elektron növbə mexanizmi nə rahatlıq yaradır, nə də aydın istiqamətləndirmə təmin edir.
Vətəndaş onlayn qaydada növbə götürərək klinikaya yaxınlaşıb və girişdə quraşdırılmış aparat vasitəsilə növbə kodunu aktivləşdirib. Aparatdan alınan çekdə növbə kodu, həkim otağının nömrəsi və qəbul vaxtı — 11:00–11:10 aralığı dəqiq göstərilib. Çekdə həmçinin “sıra nömrənizi monitordan izləyin” qeydi yer alıb.
Şikayətə görə, vətəndaş göstərilən otağı taparaq qarşısında gözləməyə başlayıb. Qəbul vaxtı çatdıqda isə yaxınlıqdakı əməkdaşa növbəsinin hansı monitorda görünəcəyini soruşub. Cavab olaraq bildirilib ki, həmin koridordakı monitor işləmir və yenidən birinci mərtəbəyə — qeydiyyat şöbəsinə qalxaraq həkim təyini üçün yeni çek almaq lazımdır.
Qeydiyyat şöbəsinə müraciət edən vətəndaşa isə çekinin artıq “yandığı” deyilib. Halbuki çekdə göstərilən qəbul vaxtı hələ bitməmişdi. Üstəlik, çek üzərində qeydiyyat şöbəsinə yenidən yaxınlaşmaqla bağlı heç bir məlumat yer almayıb. Əksinə, çek birbaşa həkim otağına yönləndirib.
Şikayətçi bildirir ki, verilən məlumatlara uyğun hərəkət etdiyi halda bu cür vəziyyətlə üzləşməsi başa düşülən deyil. Onun sözlərinə görə, onlayn növbə sisteminin əsas məqsədi klinikaya gedib vaxt itirməməkdir, lakin mövcud vəziyyət əksinə, həm vaxt itkisinə, həm də əsəb gərginliyinə səbəb olur.
Narazı vətəndaş qeyd edir ki, çek üzərində daha aydın və anlaşılan istiqamətləndirmə üçün kifayət qədər boş yer var və bunu proqram təminatına əlavə etmək cəmi bir neçə sətrlik kod tələb edir. Lakin bu cür sadə həllərin tətbiq edilməməsi Yeni Klinikada “yeniliyin yalnız adında qalması” fikrini formalaşdırır.
