“Yer üzündə insanlar yox ola bilər…” –Alimlərin iqlim dəyişiklikləri ilə bağlı ARAŞDIRMASI

İqlim dəyişikliyinin səbəb olduğu fəlakətlər və insanlığın yox olması ssenariləri lazımi səviyyədə araşdırılmır.

Nəticələri PNAS jurnalında dərc olunmuş yeni araşdırmanın müəllifləri belə hesab edirlər. Onların fikrincə, iqlim dəyişikliyinə müdaxilə edilmədiyi təqdirdə ekstremal hava hadisələrinə və bunun sosial nəticələrinə hazır olmamaq çox təhlükəli ola bilər.

Ekspertlər BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelindən (IPCC) tələb edirlər ki, “iqlimdə son oyun” kimi ssenarilər üzrə xüsusi bir hesabat hazırlansın. Onlar qeyd edirlər ki, iqlim böhranıyla bağlı araşdırmalarda təkcə elmi tədqiqatlara yox, 2019-cu ildə nəşr olunmuş “Yaşanmaz Dünya – İstiləşmədən Sonra Həyat” kimi məşhur kitablara da istinad olunur.

“Ən pis ehtimallar nəzərə alınmalıdır”

Son illərdə iqlim mütəxəssisləri havanın sənaye inqilabından əvvəlki temperaturunu indiki ilə müqayisə edir, istiliyin 1,5-2 dərəcə artmasının dünyaya təsirini qiymətləndirirlər. 2015-ci ildə Paris İqlim Sazişini imzalayan ölkələr qlobal temperaturu 2 dərəcədən və hətta mümkünsə, 1,5 dərəcədən aşağı salmağı öhdələrinə götürüblər.

Hesab olunur ki, bu ssenari qlobal iqtisadiyyata ciddi dərəcədə təsir edəcək, amma insanlığın məhvinə səbəb olmayacaq.

Elə alimlər də buna oxşar “yaxşı vəziyyət ssenariləri”nə fokuslanırlar.

“Məncə, “ən pis vəziyyət ssenariləri” haqqında düşünməmiz risklərin idarə edilməsi baxımından çox vacibdir. Həyatımızın digər sahələrində ən pis ehtimallara hazırlaşdığımız halda, niyə bunu planetimizin və növümüzün yaşaması uğrunda mübarizədə də etməyək?” – araşdırmanın müəlliflərindən biri, Kembric Universitetinin əməkdaşı Luke Kemp deyir.

Mütəxəssislər vurğulayırlar ki, dünyada istiliyin 3 dərəcə artması ehtimalı adekvat qiymətləndirilməyib; bu baş verərsə, siyasi baxımdan ən həssas bölgələrdə illik orta temperatur 2070-ci ilə qədər 29 dərəcəyə çatacaq.

Çinin Nankin Universitetinin tədqiqatçısı Chi Xu isə deyir ki, hazırda 30 milyon insan məhz bu şəraitdə yaşayır: “2070-ci ilə qədər belə temperaturun nəticələri çox dəhşətli ola bilər. İki atom elektrik stansiyası və dünyanın ən təhlükəli patogenlərinin saxlandığı yeddi mühafizə laboratoriyası bundan təsirlənə bilər”.

Qida böhranı, iqtisadi böhran, münaqişələr və pandemiyalar

Tədqiqatçılar deyirlər ki, iqlim dəyişikliyi təkcə istiliyin artmasına yox, həm də qida çatışmazlığına, iqtisadi böhranlara, münaqişələrə və yeni pandemiyalara səbəb ola bilər. Araşdırmada vurğulanır ki, istilik artdıqca, metan emissiyalarının artması, donmuş torpaqların əriməsi və ya meşələrin karbon yayması kimi qarşısıalınmaz proseslər, yəni əsas “məhvedici nöqtələri” elmi və sosial məlumatlandırma fəaliyyətinin diqqət mərkəzində olmalıdır.

Tədqiqatçılar bildirirlər ki, bu ehtimalların nəzərə alınması sayəsində lazımi texnologiyaları inkişaf etdirmək, riskləri analiz etmək, ictimaiyyəti məlumatlandırmaq və beləliklə də iqlim böhranının qarşısını almaq olar.

Kemp qeyd edir ki, “mümkün, amma narahatedici ssenariləri anlamamız həm siyasətdə, həm də cəmiyyətdə maarifləndirmə prosesini genişləndirməkdə və bu sahədə fəaliyyəti canlandırmaqda çox faydalı ola bilər. 1970 və 1980-ci illərdə potensial nüvə təhlükəsi dərk olunan zaman oxşar vəziyyət yaranmışdı. Onda ictimaiyyətin səyləri nəticəsində silahsızlaşma hərəkatı yarandı”. (BBC)

Əvvəlki məqalə

“Sonuncu dəfə Hitler də belə eləmişdi…”

Sonrakı məqalə

“3 diplomatımız səfirliyi tərk etmədən böyük kütləyə qarşı durub…” –