Yollarda elektron tərəzilərin quraşdırılmasına başlanılıb

Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yolötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən istiqamətdə həyata keçirilən layihələrdə əsas məsələlərdən biri də yeni texnologiyaların və innovasiyaların tətbiqi ilə yolların istismar müddətinin uzadılması, təhlükəsizlik və digər tələblərin təmin edilməsidir.

Bu çərçivədə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində yeni texnologiyaya əsaslanan elektron tərəzi quraşdırılıb. Yeni elektron tərəzidə 7/24 rejimində çalışan kvars texnologiyası ilə istehsal olunan sensor avadanlıqları istifadə edilir.

Ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsində yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati tənbehvermə haqqında elektron qərarın çıxarılması imkanını yaradan müvafiq elektron tərəzilərin yollarda quraşdırılması işləri 2 mərhələ üzrə aparılır.

Avtomobil yollarında müvafiq elektron tərəzi və çiplərin quraşdırılması üçün avtomobil yollarının konstruktiv-mühəndisi xüsusiyyətləri nəzərə alınmaqla, ilk mərhələdə 11 yerdə olmaqla, yolun sağ və sol tərəflərində cəmi 19 elektron tərəzinin quraşdırılması nəzərdə tutulub. İkinci mərhələdə isə 20 yerdə avtomobil yollarının sağ və sol tərəflərində 29 tərəzinin quraşdırılması planlaşdırılır.

Məlumatların vahid mərkəzdə toplanılması üçün tərəzilərin idarəetmə mərkəzinin yaradılması da nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər görülür.

Əvvəlki məqalə

Mehriban Əliyeva “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı ilə bağlı paylaşım edib

Sonrakı məqalə

Ordumuz Zod istiqamətində düşmənin hərbi infrastrukturunu belə məhv etdi –