Yüksək qan təzyiqi müasir dövrdə ciddi sağlamlıq problemlərindən biridir və çox vaxt adi qidalar bunun “səssiz təxribatçıları” olur. AzPost xəbər verir ki, Rusiyanın tanınmış dietoloqu Olqa Bezuqlyanın fikrincə, bəzi məhsullar qan təzyiqini yüksəldərək, insanın sağlamlığına mənfi təsir göstərir. Hipertoniya yalnız yaşlılarda deyil, hətta 30 yaşından yuxarı gənclərdə də rast gəlinir. Stress, oturaq həyat tərzi və yuxu çatışmazlığı ilə yanaşı, gündəlik qida vərdişləri də bu xəstəliyin əsas səbəblərindəndir.
Hansı qidalar təzyiqi artırır?
İlk növbədə, duz (natrium) hipertoniyanın ən böyük düşmənidir. Həmçinin, hisə verilmiş ət məhsulları və kolbasalar içində gizli duz və konservantlar olur ki, bu da təzyiqi yüksəldir. Yüksək duzlu pendirlər, xüsusilə sərt pendir və feta təzyiqə mənfi təsir edir. Kofein tərkibli məhsullar – qəhvə, enerji içkiləri və bəzi çay növləri də risk yaradır. Trans yağlarla zəngin şirniyyatlar və bişmiş məhsullar yalnız fiqur üçün deyil, təzyiq üçün də zərərlidir. Duzlu konservləşdirilmiş məhsullar və qazlı içkilər (xüsusilə şəkər və kofeinlə zəngin olanlar) qan damarlarını zədələyərək təzyiqi artırır.
Hipertoniya çox vaxt gizli gedir, buna görə də “səssiz qatil” adlandırılır. Amma bəzi simptomlar diqqətə alınmalıdır: səhər və ya fiziki gərginlikdən sonra baş ağrısı, başgicəllənmə, qulaqlarda səs-küy, görmə problemləri, ürək bulanması, çarpıntı və təngnəfəslik kimi hallar. Kritik vəziyyətlərdə isə qəfil görmə itkisi, danışma çətinliyi və şüur itkisi baş verə bilər.
Yüksək təzyiqdən qorunmaq üçün gündəlik qidalanmaya diqqət etmək, xüsusilə bu “təxribatçı” qidalardan uzaq durmaq həyati əhəmiyyət daşıyır.