““Zəngəzur dəhlizi” artıq qlobal qarşıdurmaya çevrilib” –TOFİQ ZÜLFÜQAROV (MÜSAHİBƏ)

 Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azpost.info-ya müsahibə verib.

Sabiq nazir beynəlxalq proseslər fonunda Azərbaycanın Avropa Birliyi, Rusiya, İranla olan münasibətlərini şərh edib. Ölkəmizin enerji siyasətinin bu müstəvidə oynadığı rola toxunub, beynəlxalq logistika savaşında Bakının yeri ilə bağlı danışıb.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

 

-Tofiq bəy, Avropa İttifaqı ilə Azərbaycan arasında qaz sazişinin imzalanması ötən ayın ən önəmli hadisələrindən biri oldu. Sazişlə bağlı müxtəlif  fikirlər səsləndirilir və xüsusilə, məsələnin siyasi tərəfinə diqqət çəkilir. Sizin fikrinizcə, bu saziş iqtisadi dividentləri ilə yanaşı Azərbaycan üçün hansı əhəmiyyətli siyasi qazanclar gətirə bilər?

-Şübhəsiz Avropa İttifaqı ilə Azərbaycan arasında qaz sazişinin imzalanması həm iqtisadi, həm də siyasi mahiyyət daşıyır. Yəni, bu məsələlər bir-birilə əlaqəlidir. Azərbaycan Avropa İttifaqı ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir və rəsmi Bakının əsas prinsipi ondan ibarətdir ki, əməkdaşlıq qarşılıqlı xeyir gətirən formada dərinləşsin.

Bundan başqa, Azərbaycan Avropa İttifaqının əməkdaşlıq etdiyi digər ölkələrdən bir qədər fərqli vəziyyətdədir. Azərbaycanın yetərli maliyyə və iqtisadi imkanları var. Ona görə də Azərbaycanı digər ölkələr kimi ələbaxan və hər şeyə, necə deyərlər, “hə” deyən ölkə kimi xarakterizə etmək olmaz. Avropa İttifaqı da bunun fərqindədir.

Siyasi bəyanatları bir kənara qoysaq, əslində Avropa İttifaqının əsas marağı onunla əməkdaşlıq edən ölkələrin iqtisadi bazarına hakim olmaqdır. Yəni, Avropa İttifaqı istəyir ki, əməkdaşlıq etdiyi ölkələrin bazarı onun məhsulları üçün açıq olsun. Bu isə həmin ölkələrin iqtisadi asılılığını daha da dərinləşdirir. Bu məsələ çox qabardılmasa da, reallıq bundan ibarətdir. Azərbaycanın isə zəif də olsa yerli istehsalı var və rəsmi Bakı yerli istehsalı müdafiə etmək, stimullşadırmaq üçün  proteksionalist siyasət həyata keçirir. Beləliklə, Azərbaycan öz gücünü göstərir və özünə də xeyir verən əlaqələri davam etdirir. Siyasi baxımdan əlbəttə bu Azərbaycanın uğurudur ki, həm Avropa İttifaqı ilə əməkdaşlığını dərinləşdirir, həm də lazım olanda öz şərtlərini diktə edə bilir. Bu gün Azərbaycan indiki böhranlı vəziyyətdə Avropanın enerji difersifikasiyasını təmin edən ölkələrdən biridir. Bu isə nəticə etibari ilə siyasi müstəvidə də Azərbaycanın mövqelərinin güclənməsini şərtləndirir.

-Bu saziş Avropa İttifaqının Rusiyanın qaz asılılığından qurtulması, ən pis halda bu asılılılığı minimuma endirmək çabasında olduğu bir dövrə təsadüf edir. Rəsmi Bakının bununla bağlı Kremlin hər hansı basqısı ilə üzləşməsi realdırmı?

-Real deyil. İnanmıram ki, Rusiya buna mane olsun. Əvvəla, qaz kəmərləri Ukrayna böhranından əvvəl çəkilib. Sazişlər də həmi vaxt imzalanıb. İndi isə Avropa İttifaqı sadəcə olaraq Azərbaycandan idxal etdiyi qazın miqdarını artırmaq istəyir. Bu layihə birdən-birə, Rusiyanın beynəlxalq sanksiylarla üzləşdiyi bir dövrdə meydana gəlməyib. Ona görə də bunu Rusiyanın maraqlarına qarşı akt kimi dəyərləndirmək doğru deyil. İkincisi, Rusiya qazı Avropanın şimal hissəsini əhatə edir. Azərbaycanın müştərilərinin coğrafiyasına baxdıqda isə görürük onlar əsasən cənubda, Balkan yarımadasındadır. Burada hər hansı rəqabət də yoxdur.

Bir amili də nəzərə almaq lazımdır. İndi vəziyyət ciddi şəkildə dəyişib. Hamiya aydındır ki, bu məsələdə problem Azərbaycan yox, Avropanın sanksiyalarıdır.

Başqa bir məqam da var. İndi Azərbaycanın Rusiya üçün əhəmiyyəti çox artıb. “Astana sammiti”ni yada salsaq görərik ki, həmin toplantıda əsas müzakirə mövzularından biri də Rusiyanın cənubda yerləşən ölkələrlə iqtisadi əməkdaşlığının dərinləşdirilməsi olub. Bu halda Azərbaycanın kommunikasiya baxımından əhəmiyyəti xeyli dərəcədə artır. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Rusiya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan qaz sazişinə hər hansı maneə yaratmayacaq.

-Belə düşüşnənlər var ki, qaz sazişi həm də “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində Avropa  İttifaqı ilə assosiativ sazişin imzalanmasını sürətləndirəcək… 

-Bilirsiniz, “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində imzalanan assosiativ sazişlər bir növ standart xarakterli sənədlərdir.  Avropa İttifaqı kənarda yerləşən ölkələrlə “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində əlaqələr qurur və bayaq dediyim kimi burada əsas məsələlərdən biri iqtisadi əməkdaşlıqdır. Yəni, qarşılıqlı şəkildə bazarlar açılır və iqtisadi inkişaf üçün şərait yaradılır. Yenə də deyirəm, Azərbaycanın vəziyyəti digərlərindən fərqlidir. Azərbaycanın maliyyə-iqtisadi potensialı var. Bu baxımdan, öz bazarını kiməsə verməyə ehtiyac görmür.

Avropa İttifaqı hətta Suriya ilə də oxşar saziş bağlayıb. Bəzən assosiativ sazişin siyasi əhəmiyyət daşıdığını deyirlər. Ermənistanı, Ukraynanı nümunə gətirirlər. Həmin ölkələrdəki prosesləri həmin sazişlə əlaqələndirilər. Bu heç də belə deyil. Assosiativ saziş sadəcə standart  iqtisadi yanaşmadır.

-Qaz sazişindən bir gün sonra Tehran sammiti baş tutdu. Həmin tədbir əsasən İranın ali rəhbəri Seyid Əli Xameneyinin “Twitter”dəki paylaşımı ilə yadda qaldı və onun fikirləri Azərbaycana yönəlik mesaj kimi dəyərləndirildi…

-Əvvəla, “Astana sammiti” və “Tehran sammiti”, ümumiyyətlə, bu format – Ərdoğan, Putin, Rəisi üçlüyünün görüşü – Suriya probleminə aiddir. Amma bu görüşlərdə müzakirə mövzularından biri də “Zəngəzur dəhlizi”dir. Hər halda verilən açıqlamalar, səslənən fikirlər, o cümlədən Xameneyinin məlum “tviti” bu qənaəti yaradır. Bu görüşlə təxminən eyni ərəfədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Ermənistana səfər etdi. ABŞ-ın Ermənistandakı səfiri bu görüşü şərh edərkən bildirdi ki, orada bəzi kommunikasiya mövzuları da müzakirə olunub. Belə qənaətə gəlmək olar ki, “Zəngəzur dəhlizi” artıq təkcə Ermənistan və Azərbaycan arasında olan məsələ deyil. Bu məsələ digər oyunçularının da marağındadır.

-İran və Rusiyanın burada hansı marağı var? Müşahidələr göstərir ki, sanki Tehran və Moskva bunun əleyhinədir…

-Əksinə, indiki mərhələdə Türkiyə, İran və Rusiya maraqlıdır ki, “Zəngəzur dəhlizi” vasitəsilə bir dəmir yolu bağlantısı yaratsınlar. Naxçıvanda bu bağlantı var, Ermənistanda Türkiyə ilə dəmir yolu bağlantısı var. “Zəngəzur dəhlizi” vasitəsilə də belə bir bağlantı yaradılarsa, Rusiya və İran da bu kommunikasiyadan yararlana bilər. Təbii ki, Qərb buna qarşı olacaq. Rusiya və İranı bu layihədən kənarda saxlamağa çalışacaq.

Bu halda İranın dini rəhbəri Xameneyinin məlum “tviti” nəyə hesablanıb?

-Bu, görünür Ermənistanla sərhədin itə biləcəyi narahatlığı ilə əlaqəlidir. Lakin hesab edirəm ki, İran bu məsələyə münasibətini dəyişməlidir. İndi açıq deyə bilərik ki, “Zəngəzur dəhlizi” artıq qlobal qarşıdurmanın tərkib hissəsinə çevrilib və bu məsələ ətrafında hadisələr çox sürətlə cərəyan edir.

-Xameneyinin məlum “tviti” Azərbaycanda müzakirə edildiyi ərəfədə İsrailin Azərbaycandakı səfiri “Təbrizin sehrli nağılları” kitabını oxuduğu yerdə fotosunu paylaşıb. İranın Azərbaycandakı səfirinin buna sərt reaksiya verdi. Sizcə, “Tehran sammiti” ilə bu məsələ arasında hansısa əlaqə varmı?

-Əlbəttə ki, Azərbaycan-İran münasibətlərində müəyyən problemlər var. Amma yadda saxlamalıyıq ki, İran Azərbaycanla qonşu ölkədir və iki ölkə arasında tarixi, dini-mədəni yaxınlıq var. Mən şəxsən onun tərəfdarı deyiləm ki, hansısa qüvvələrin fəaliyyəti nəticəsində İranla Azərbaycan arasında bu gərginlik artsın.

Əlbəttə İsrail dost ölkədir. Amma eyni zamanda biz çalışmalıyıq ki, Azərbaycan hansısa güclərin qarşıdurma meydanına çevrilməsin. Mən bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu söyləmək istəmirəm. Sadəcə o fikirdəyəm ki, Azərbaycanın poliqona çevrilməsinə yol verilməməlidir. Əlbəttə, İranda çoxsaylı soydaşlarımız var, tarixi irsimiz birdir, amma iki yerə bölünmüşük. Bu reallığa hörmət etməliyik.

Hüseyn Abbas

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.