Zərərçəkənlər azərbaycanlılara işgəncə verən erməni yaraqlıların məhkəmədə yalan ifadə verdiyini bildirib –YENİLƏNİB

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilib.

Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Lüdvik Mkrtiçyan suallara cavab verib.

O bildirib ki, 1993-cü ildə Qarabağda Ağdərənin kəndində olub, amma həmin vaxt müharibə olmayıb: “1 ay həmin ərazidə qalmışam. Sonra Hadrutda olmuşam. Həmin vaxt müalicə olunmuşam. 1994-cü ildə Suqovuşana gəlmişəm. Səngər qazarkən yanımıza mərmi düşdü, kontuziya aldım. O vaxt erməni silahlı birləşməsinin tərkibində olmuşam. Silahlı birləşməni Ermənistan yaratmışdı. Mən də könüllü həmin dəstə ilə Qarabağa gəlmişəm. Müharibə idi, nə deyirdilər onu da edirdik. Döyüşlərdən sonra Ermənistanı tərk edib xaricə getmişəm”.

Lüdvik Mktiçyan qeyd edib ki, könüllü olaraq aprel döyüşlərində də iştirak edib: “Xaricdə yaşayan ermənilərin maliyyələşdirdiyi təşkilatın xətti ilə könüllü aprel döyüşlərinə qatılmışam.

2020-ci il oktyabrında tanımadığım adamlarla birlikdə Hadruta gəlib, burada müdafiəyə qoşuldum. Hadrutun Azərbaycan ərazisi olduğunu, orada ermənilərin yaşadığını bilirdim”.

Təqsirləndirilən şəxs oktyabrın 20-də Hadrutun adını bilmədiyi kəndində saxlandığını deyib: “Biz geri çəkilirdik, meşələrdə gizlənirdik. Komandirimiz yoxa çıxdı, onun hara getdiyini bilmədim. Orada 120 əsgər var idi. Biz meşəlik ərazidə gizləndik. Bu zaman iki tərəfli istiqamətdən atışma başladı. Biz quyu kimi yerdə dayandıq. Hava qaralandan sonra dağ istiqamətində getməyə başladıq. Səhər Azərbaycan ordusu tərəfindən əsir götürüldüm”.

O, hakimin sualına cavab olaraq bildirib ki, döyüşlərdə iştirakına görə 5 medalla təltif edilib.

Lüdvik Mkrtiçyan sonda elədiklərinə görə Azərbaycandan və Azərbaycan xalqından üzr istəyib.

Prosesdə Alyoşa Xosrovyanda prokurorun suallarına cavan olaraq bildirib ki, Birinci Qarabağ Müharibəsində iki ölkə arasında sərhəddə olub: “Həmin vaxt mən mülki şəxs kimi orda iştirak etmişəm. Azyaşlı uşağım var idi, pul qazanmaq məqsədilə döyüşlərə getmişəm. Azərbaycan xalqından, hamıdan üzr istəyirəm”.

Prosesdə təqsirləndirilən şəxslərin yalan danışdığını deyən zərərçəkmiş Famil Əliyev isə bildirib ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan müharibə bitəndən sonra da erməni hərbi birləşməsinin tərkibində olub və azərbaycanlı əsirlərə işgəncələr verib: “1995-ci ilin may ayında ermənilər döyüşdə çox itki vermişdi, onların meyitlərini Şuşa həbsxanasında gətirdilər. Mkrtiçyan da orda idi. Onda bizi amansızlıqla döydülər. İyun ayında Şuşada erməni zabitin toyu idi, bu da hərbçi kimi orda iştirak edirdi. Bunlara ermənilərin “ASALA”-sı deyirdilər. Bunlar azərbaycanlılara xüsusi işgəncə verdiklərinə görə hörmətli hərbçilər sayılır”.

Zərərəçəkmiş Cavid Hüseyn isə deyib ki, 1995-ci ilin mart ayının 21-də Şuşa türməsində onun gözünün çıxarılması prosesində Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan iştirak edib: “Qarik mənim gözümü çıxaranda mənim əllərimi divara Mkrtiçyan və Xosrovyan bağlayıb. Həmin vaxt bunlar ikisi də türmədə bizə işgəncə verirdi”.

Prosesdə sənədlərin tədqiqi mərhələsi keçid edilib.

Məhkəmə prosesi iyulun 14-də davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Pakistan-Azərbaycan-Türkiyə üçtərəfli formatında iqtisadi əməkdaşlığa şad olarıq” –

Sonrakı məqalə

Sabahın hava proqnozu