Əkrəm İmamoğlu Bakıya gəlməyə hazırlaşır:

“Azərbaycanlılar üçün qapım həmişə açıqdır”
04 Sentyabr 2019 - 11:20

 “Azərbaycanda olmuşam. Azərbaycanı və azərbaycanlı dostlarımızı çox sevirəm. Artıq İstanbul Böyükşəhər Bələdiyyə sədriyəm. Sizin vasitənizlə xəbər vermək istərdim, xaricə ilk səfərlərimdən biri də Azərbaycana, Bakıya olacaq”.

Azpost.info bildirir ki, bu sözləri İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu teleqraf.com-a verdiyi müsahibəsində bildirib.

O, qeyd edib ki, ən qısa vaxtda Bakıda gələcək: “Azərbaycanlı qardaşlarımız, dostlarımla həmişə görüşürük, əlaqə saxlayırıq, onlara qapımız hər zaman açıqdır. Mən aramızda məsafə görmürəm. Bu gözəl şəhər bütün azərbaycanlı qardaşlarımız üçün hər şey etməyə hazırdır. Tələbələriniz bizim övladlarımızdır, bir problemləri olarsa, Əkrəm İmamoğlu buradadır, bilsinlər. Onsuz da biz də onlarla lazımi təmaslar qururuq, narahat olmayın”.

Ə. İmamoğlu bildirib ki, üzvü olduğu Cümhuriyyət Xalq Partiyası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə zidd hesab edir: “Bu siyasət ilk gündən bəri dəyişməyib. Partiyam Azərbaycan siyasətini dəstəkləyir. Türkiyənin bütün beynəlxalq forumlarda Azərbaycana verdiyi dəstəyi partiyamız eynilə müdafiə etməkdədir. Ümid edirəm ki, bu haqsızlığa ən qısa zamanda son qoyular və Azərbaycan ona edilən haqsızlığı aradan qaldıraraq öz yolunu daha güclü şəkildə davam etdirər. Buna heç şübhəm yoxdur”.