Dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi dərmanların qiymətinin aşağı düşməsinə və çeşidinin artmasına imkan yaradacaq.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 29-da keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirələri zamanı deyib.
Dərman istehsalı sahəsində durğunluq olduğunu diqqətə çatdıran Əhliman Əmiraslanov deyib: “Ələt Azad İqtisadi Zonasında dərman vasitələrinin istehsalı ilə məşğul olan zavod və fabriklərin inşası nəzərdə tutulur. Bu istiqamətdə əlaqədar təşkilatlar artıq işə başlayıblar”.