Əli Əhmədov vətəndaşlara müraciət etdi:

“Gəlin birlikdə Azərbaycanı qoruyaq!”
20 Oktyabr 2019 - 18:05

“Küçə yürüşünün icazəsiz və adətən insanların gur olduğu yerlərdə keçirilməsi məqsədli şəkildə insanların rahatlığını pozmaq, onlarda narazılıq yaratmaq və bu zəmində ictimai sabitliyin üzərində kölgə salmaq niyyəti güdür”.

Bunu “Facebook” sosial şəbəkəsindəki səhifəsində Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov yazıb.

O yazıb ki, bütün bu qanunsuz hərəkətlər Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı insanlarda böyük ruh yüksəkliyi yaratmış çıxışlarından, habelə cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə daxili siyasətlə əlaqədar səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf edir:  “Yəqin ki, Azərbaycanın inkişafını gözü götürməyənlər, xalqın ruh yüksəkliyinin artmasından xofa düşən xarici dairələr və daxildəki destruktiv qruplar birbaşa təxribat törətmək qərarına gəliblər”.

YAP icra katibi qeyd edib ki, ölkənin 1990-cı illərin əvvəllərində yaşadığımız müsibətləri yenidən yaşamasına imkan verilə bilməz və verilməməlidir: “İndi hamının Prezident İlham Əliyevin ətrafında əvvəlkindən daha sıx birləşməsi zamanıdır. Təxribata və təxribatçılara ən tutarlı cavab bu ola bilər. Bütün vətəndaşları qətiyyətli olmağa, dövlətimizi və rahat həyatımızın keşiyində möhkəm dayanmağa səsləyirəm. Gəlin birlikdə Azərbaycanı qoruyaq!”.