ƏDV-nin ödənilməsi vaxtı bir gün uzadılıb- Dövlət Vergi Xidməti

Vergi Məcəlləsinin dəyişikliyə qədər qüvvədə olan tələblərinə əsasən, vergiödəyicisi tərəfindən ƏDV-nin məbləği alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmadan ödənilməli idi.

Dövlət Vergi Xidməti xəbər verir ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə vergiödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergiödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilirdi.

Aparılan əməliyyat üzrə ƏDV-nin ödənilməsi vaxtı ilə bağlı tələb əməliyyatın əsas məbləğinin ödənilməsi ilə eyni gündə olduğundan, praktikada vergiödəyicisindən asılı olmayan səbəblərdən, məsələn, banklar tərəfindən köçürmə əməliyyatının növbəti gün icra edilməsi səbəbindən bu müddət ötürülür və nəticədə vergiödəyicisi maliyyə sanksiyası ilə üzləşirdi.

Bu baxımdan vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi və onların əlavə maliyyə itkilərinə məruz qalmaması məqsədilə Vergi Məcəlləsində müvafiq dəyişiklik edilib və aparılan əməliyyatlar üzrə ƏDV məbləğinin əsas məbləği ödənildikdən sonra bir iş günü müddətində ödənilməsi imkanı yaradılıb.

Beləliklə, bundan sonra vergiödəyiciləri əsas məbləğin ödənildiyi gün ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyasına məruz qalmayacaqlar.

Əvvəlki məqalə

Daha 2 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Sonrakı məqalə

Ukrayna üzrə “Ramşteyn” formatında iclasa NATO Baş katibi də qatılacaq