Əli Əhmədovdan Eldar İbrahimova etiraz :“Siyasi partiyaları qeyri-səmimilikdə suçlamağa heç bir əsas yoxdur”

“Dövlətçilik naminə əməkdaşlıq etdiyimiz hər kəsə və hər bir siyasi partiyaya hörmətlə yanaşırıq, onlara vətənini və dövlətini ürəkdən sevən insanlar kimi baxırıq. Düşünürəm ki, onları qeyri-səmimilikdə suçlamağa heç bir əsas yoxdur və partiyamız kiməsə belə bir səlahiyyət verməyib. Bu gün Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri xalqın elçisidir, onun səsi ilə millət vəkili mandatını qazanıb”.

Azpost.info bildirir ki, bu sözləri Baş Nazirin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov Trend-ə müsahibəsində deputat Eldar İbrahimovun konstruktiv müxalifətin ünvanına səsləndirdiyi itithamları şərh edərkən bildirib.

Onun sözlərinə görə, xalqın etimadı ilə Milli Məclisdə təmsil olunan ayrı-ayrı partiyaların nümayəndələri ümummulli məsələlərdə, islahatların həyata keçirilməsində Prezident İlham Əliyevi dəstəkləyir: “Biz buna İlham Əliyevin yürütdüyü siyasətin bütün xalq tərəfindən dəstəklənməsinin daha bir ifadəsi kimi yanaşırıq. Bu, həqiqətən belədir. Azərbaycan siyasətində uzun illər tanınan həmin adamlar hörmət və nüfuz sahibləridir, partiya rəhbərləridir, ziyalılardır. Onlar əhalinin müəyyən qisminin maraqlarını ifadə edir və ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayırlar. Bunu görməmək və qiymətləndirməmək ədalətsizlik olardı”.

Onun sözlərinə görə, bu gün ölkəmizdə həyata keçirilən siyasətdə milli birlik, milli həmrəylik ideyası mühüm yer tutur. Biz bunu sadəcə bəyanat kimi deyil, real siyasət olaraq qəbul edir və həyata keçirilməsi naminə real addımlar atırıq. Həmin fundamental dəyərlər naminə bütün insanların, siyasətçilərin, partiyaların və ya ictimai təşkilatların birləşməsinə nail olmağa çalışmağımız əsas vəzifələrdəndir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əliməmməd Nuriyev:

Sonrakı məqalə

Eldar İbrahimov: