Ərzaq məhsullarının saxlanması ilə bağlı tələbələr təsdiqləndi –Məhsullar necə etiketlənməlidir? (QAYDALAR)

Qida məhsullarının qablaşdırılması və etiketlənməsinə dair tələblər təsdiqlənib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar verib.

Qərarda qeyd edilib ki, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməlidir. İstehlakçıların aldadılması, o cümlədən eyni xassəli oxşar qida məhsullarının xüsusi xassələrə malik olması haqqında yanlış məlumat verməklə istehlakçıların aldadılması qadağandır. Qida məhsullarına xas olmayan təsir və ya xassələrin onlara aid edilməsi qadağandır.

Kimyəvi və bioloji preparatlarla işlənilmiş qida məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazıları və nişanları görülə bilən olmalıdır. Bükmə və qablaşdırmada istifadə olunan materiallar müvafiq qaydada uyğunluq sertifikatları ilə təmin edilməli və məhsullar üçün çirklənmə mənbəyi olmamalıdır.

Ölkəyə idxal edilən qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir. Qida məhsullarının bükülməsində və qablaşdırılmasında təkrar istifadə üçün nəzərdə tutulmuş materiallar asanlıqla təmizlənən və dezinfeksiya edilə bilən xassəyə malik olmalıdır.

Uşaq və pəhriz qida məhsullarının etiketlənməsi zamanı etiketin üzərində və ya açıq, qabsız daşınan mallarda qoşma sənədlərinin mətnində pəhriz qida məhsullarının etiketlənməsində əlavə olaraq təyinatı və istifadə qaydaları, əks göstərişlər də qeyd olunmalıdır. Uşaq qida məhsullarının etiketlənməsində əlavə olaraq üzərində əmtəə nişanının şriftindən kiçik olmayan şriftlə “UŞAQ QİDASI” yazısı; altı aylığa qədər körpələr üçün nəzərdə tutulmuş pəhriz qidalarında məhsulun məqsədli təyinatı barədə dəqiq göstərişlər, onun tərkibi, xüsusiyyətləri və istifadəsi üzrə məsləhətlər; istifadəsi məsləhət görülən yaş qrupları; istehlak qablaşdırması açıldıqdan sonra saxlama müddəti və şəraitinə dair tələblər qeyd edilməlidir.

Qida məhsullarının daşınmasına dair tələblər də təsdiq edilib. Qaydalarda bildirilib ki, qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitariya-gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməli və çirkləndiyi halda təmizlənmə və dezinfeksiya tədbirləri aparılmalıdır. Qida məhsullarının daşınması üçün yalnız həmin məqsədlər üçün təchiz olunmuş xüsusi nəqliyyat vasitələri istifadə edilir. Daşınma əməliyyatları istehlakçılar üçün qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qorunmasını tam təmin edən şəraitdə aparılmalıdır.

Nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələri qida məhsullarından başqa digər məhsulların və əşyaların daşınması üçün istifadə edilməməlidir. Qida məhsulları daşınan nəqliyyat vasitələri və ya konteynerlər digər qida məhsullarının daşınması üçün və ya müxtəlif qida məhsullarının eyni zamanda daşınması üçün istifadə olunarsa, çirklənmə riskinə yol verilməməsi üçün daşıma vasitələri yükləmələr arasındakı müddətdə tam təmizlənməlidir.

Müxtəlif qida məhsullarının eyni zamanda nəqliyyat vasitələri və ya konteynerlərlə birlikdə daşınması zamanı fərqli məhsulların bir-biri ilə təmasına, qida məhsulunun çirklənməsinə və orqanoleptik xüsusiyyətlərinin dəyişməsinə səbəb olan şəraitin yaranmasına qadağandır.

Nəqliyyat vasitələri və ya konteynerlərdə olan qida məhsulları çirklənmə risklərini minimuma endirəcək formada yerləşdirilməli və mühafizə olunmalıdır. Maye, doğranmış, dənəvər və ya toz formasında olan qablaşdırılmamış açıq vəziyyətdə olan qida məhsulları bu məqsəd üçün nəzərdə tutulan qablarda, konteynerlərdə və ya tankerlərdə aparılmalıdır. Belə qabların, konteynerlərin və ya tankerlərin qida məhsullarının daşınması üçün nəzərdə tutulmasını göstərmək məqsədilə onların üzərində aydın və pozulmayacaq formada Azərbaycan dilində “Yalnız qida məhsulları üçün” sözləri həkk olunmalıdır.

Qida məhsullarının saxlanmasına dair tələblər də açıqlanıb. Qeyd edilib ki, qida obyektləri qida məhsullarının, onların inqrediyentlərinin, ərzaq xammalının, o cümlədən qablaşdırma materiallarının və kimyəvi maddələrin (məsələn, yuyucu vasitələr, sürtkü maddələri, yanacaq və s.) saxlanması üçün bu Qaydaların tələblərinə uyğun avadanlıqlarla təmin edilməlidir.

Xəstəliyi qida vasitəsilə keçə bilən və ya belə xəstəlik daşıyıcısı olan, yaxud infeksiyalı yaralar, dəri infeksiyaları, irin və ya diareya, sarılıq, qusma, titrəmə kimi şikayətləri olan şəxslərin hər hansı bir formada birbaşa, yaxud dolayısıyla qida ilə təması, işləməsi və ya qida emalı ərazisinə daxil olması qadağandır.

Qida zəncirinin müvafiq mərhələlərində işləyən və çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini yerinə yetirməyən şəxslər işdən kənarlaşdırılmalıdır.

Qida məhsulları ilə təmasda olan buz içməli sudan hazırlanmalı, həmçinin bütöv halda olan balıqçılıq məhsullarının soyudulması zamanı məişət (təsərrüfat) və ya içməli sudan hazırlanan buzdan istifadə olunmalıdır.

Hermetik qablaşdırmalarda qida məhsullarının termiki (istilik) emalı həyata keçirildikdə, termiki emaldan sonra qablaşdırmaların soyudulması üçün istifadə olunan suyun qida məhsulları üçün çirklənmə mənbəyi olmaması təmin edilməlidir.

Təmizləmə və dezinfeksiya proqramları daim yararlılıq və effektivliyinə görə nəzarət altında saxlanılmalı və sənədləşdirilməlidir.

Parazitlərin daxil ola və yayıla biləcəyi yerlərin yaranması imkanlarının azaldılması üçün tikililər yaxşı şəraitdə və təmir olunmuş vəziyyətdə saxlanılmalıdır. Parazitlərin daxil ola biləcəyi deşiklər, novlar və digər yerlər düzəldilməlidir.

Məhsullar üçün xammal parazitlərin daxil olmasını istisna edən konteynerlərdə və/və ya yerdən və divarlardan aralı məsafədə saxlanılmalıdır. Qida obyektlərinin daxili və obyektin yerləşdiyi zonalara bitişik ərazilər təmiz saxlanmalıdır.

Qida obyektlərində iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalı və kənarlaşdırılmalıdır. Digər maddələrin saxlanıldığı qablardan fərqlənməsi üçün tullantı qabları işarələnməlidir.

Qida tullantıları gigiyena tələblərinə uyğun və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmaq şərtilə kənarlaşdırılmalı, onlar birbaşa və ya dolayı yolla çirklənmə mənbəyi olmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Cəbrayıl tamamilə dağıdılıb” –

Sonrakı məqalə

“Vaqif Mustafayevi mən işdən çıxarmışam” –