“10-11 yaşlı 500 uşaqdan cəmi 7 nəfər oxuduğunu anlayır” –Beynəlxalq tədqiqatın ölkəmizlə bağlı nəticələri (ŞƏRH)

“Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat (Progress in International Reading Literacy Study – PIRLS) 2021-ci ilə üçün araşdırmalarının nəticələrini elan edib. Azərbaycan mətnləri oxuma baxımından 80 ölkə arasında çox aşağda yer alıb. Nəticəmiz orta göstəricidən də çox aşağıdır”.
Azpost.info bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov META-da bildirib.
Ekspert bu nəticələri Elm və Təhsil Nazirliyinin “bərbad fəaliyyətinin nəticəsi” adlandırıb.
“Bu nəticə o deməkdir ki, 10-11 yaş aralığında 500 nəfər uşaqdan sadəcə 7 nəfər oxuduğunu anlayır, 10-11 yaş aralığında 500 nəfərdən sadəcə 3 nəfər oxuduğu mətnləri dərk edə bilir. Müqayisə üçün qeyd edim ki, bu rəqəm Finlandiyada 500 nəfərdən 250, Estoniyada 220, Kanadada 190-dir”-deyə ekspert vurğulayıb.
K.Əsədovun sözlərinə görə, bizdə təhsil sistemində iki bacarıq yaxşı tədris olunur. Bu hamımızın bildiyi 30 suallıq test hǝll etmək və əzbərə dərs öyrənmək üsuludur: “Ən vacib, öyrədilməyən bacarıqlar isə bunlardır: komanda ruhu ilə işləmək, analitik düşünmək, həqiqi sual vermək, müstəqil fikir azadlığı və praktik zəkanın inkişafı təlimləri.
Belə olmadığı təqdirdə nəticə olaraq yorğun, çarəsiz, bədbin və qavrama qabiliyyəti formalaşmamış bir nəsil formalaşır. Növbəti mərhələdə onlar universitetə qəbul olur və məzun olduqdan sonra aldığı təhsilin yetərsizliyindən şikayət edir. Ömrünün ən məhsuldar illərini bezgin, əsəbi, tükənmiş keçirirlər. Məzun olduqdan sonr müraciət etdikləri iş yerləri bu cür tələbələri işə götürməkdə tərəddüd edir”.
K.Əsədov deyib ki, ölkədə Universitetlər zamandan çox geridə qalıblar: “Ötən əsrdə məlumatlar 100 ildən bir yenilənirdi, bu əsrdə isə məlumat 29 saatdan bir yenilənir. Belə sürətli bir yenilənməyə qarşı illərdir məlumat ötürən və əlinizə kağız parçası vermə öhdəliyini daşıyan anlayış zəmanəyə necə uyğunlaşa bilər? Bu gün ixtisasların əhəmiyyəti də qalmayıb, rəqəmsal dünyada hər gün adını bilmədiyimiz İxtisaslar çıxır. 21-ci əsrdə hansı universitetdə hansı ixtisas seçməliyəm sualını, hansı fundamental bacarıqları qazanmalıyam sualı ilə əvəz etməliyik. Gələcəkdə iş tapa biləcəyin ixitsas əvəzinə, nəyi coşğunluqla etmək istəyirsən sualını verməliyik. Seçəcəyiniz hər peşənin gələcəyi sual altındadır. Gələcəkdə kodlaşdırma sahəsində robot həkimlər daha yaxşı diaqnoz qoyacaq. Süni intellekt və kodlaşdırmaya hakim olmayanlar işsiz qalacaqlar. Kodlaşdırma dilini bilmə məcburiyyəti qüvvəyə minəcək. Bank işçilərinə, jurnalistlərə, fəhlələrə ehtiyac qalmayacaq”.
Azpost.info bildirir ki, Təhsil nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən təşkil olunan PIRLS 60-dan çox ölkənin şagirdlərinin iştirak etdiyi qiymətləndirmə tədqiqatıdır.
Əvvəlki məqalə

Makron vasitəçilik etdi, Zelenski görüşə gəlmədi

Sonrakı məqalə

“Birgə əməkdaşlığa ehtiyac var”