ABŞ vətəndaşı Natan Tomas kollecdə dərs deyən tarixdə ən gənc professor kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, müəllimlik fəaliyyətinə cəmi 18 yaş 346 günlük olarkən başlayaraq dünya rekorduna imza atıb.
Ginnesin Rekordlar Kitabının məlumatına görə, Natan Tomas 2023-cü ilin avqustunda ABŞ-ın Florida ştatında yerləşən Mayami-Deyd Kollecində onlayn dərslər keçməyə başlayıb. Həmin vaxt onun hələ 19 yaşı tamam olmamışdı və bu da ona yeni dünya rekordu qazandırıb.
Beləliklə, Tomas 300 ildən artıqdır qüvvədə olan rekordu yeniləyib. Əvvəlki rekord 19 yaşında professor olan şotlandiyalı riyaziyyatçı Kolin Maklorenə məxsus idi.
Natan Tomas həmçinin 2008-ci ildə dünyanın ən gənc qadın professoru adına layiq görülmüş amerikalı Aliya Saburdan da 16 gün daha gənc yaşda professor olub.
Onun akademik yolu da qeyri-adi erkən başlayıb. Tomas cəmi 10 yaşında olarkən Mayami-Deyd Kollecinə qəbul olunub. Daha sonra, 14 yaşında Florida Beynəlxalq Universitetinə keçid edib və 18 yaşına çatanda artıq elektrik mühəndisliyi üzrə magistr dərəcəsi alıb.
Hazırda o, müəllimlik fəaliyyətini Mayami Universitetinin hüquq fakültəsində təhsili ilə paralel davam etdirir. Tomas hüquq doktoru dərəcəsi almağa hazırlaşır və gələcəkdə elm və texnologiyalarla bağlı intellektual mülkiyyət hüququ sahəsində ixtisaslaşmağı planlaşdırır.
Natan Tomas bildirib ki, mühəndislik təhsili ona mürəkkəb problemləri sistemli şəkildə təhlil etməyi öyrədib. Onun sözlərinə görə, bu yanaşma hüquq sahəsində təhsil alarkən də ona böyük üstünlük qazandırır.
Gənc professorun uğuru erkən yaşda təhsilə başlayan insanların böyük nailiyyətlər əldə edə biləcəyinin növbəti nümunəsi kimi qiymətləndirilir.