Niyə bəzi insanlar hər şeydə gizli plan axtarır?- Alimlər səbəbi açıqladı

Həyatında ağır sınaqlarla üzləşən insanlar əgər dünyanı ədalətsiz bir yer kimi qəbul etməyə başlayırlarsa, onların sui-qəsd nəzəriyyələrinə inanmaq ehtimalı artır. Böyük Britaniya alimlərinin apardıqları yeni araşdırma bu maraqlı nəticəni ortaya qoyub.

Nottingem Universiteti və Kambria Universitetinin psixoloqları tərəfindən aparılan tədqiqatın nəticələri British Journal of Psychology jurnalında dərc olunub.

Araşdırma çərçivəsində 1200-dən çox insanın iştirakı ilə üç ayrı tədqiqat aparılıb. Hər üç araşdırmada eyni qanunauyğunluq müşahidə edilib: insanların keçmişdə yaşadıqları ağır həyat hadisələri onların dünyanı ədalətsiz hesab etməsinə səbəb olur və bu hiss sui-qəsd nəzəriyyələrinə inamı gücləndirir.

Birinci tədqiqat zamanı alimlər ağır xəstəlik, yaxın insanın itkisi, maliyyə problemləri, münasibətlərin pozulması və zorakılıq kimi müxtəlif mənfi həyat hadisələrini təhlil ediblər. Məlum olub ki, bu cür çətinliklərlə daha çox qarşılaşan insanlar dünyanı daha ədalətsiz hesab edir və gizli planlar, sui-qəsd nəzəriyyələri barədə iddialara daha çox inanırlar.

İkinci araşdırmada zorakı cinayətlərin qurbanı olmuş şəxslərlə belə bir təcrübə yaşamayan insanlar müqayisə edilib. Nəticələr göstərib ki, cinayət qurbanları cəmiyyəti daha ədalətsiz qiymətləndirir və bu da onların sui-qəsd nəzəriyyələrini qəbul etmə ehtimalını artırır. Bu əlaqə iştirakçıların yaşı, cinsi və digər sosial göstəricilər nəzərə alındıqdan sonra da özünü qoruyub saxlayıb.

Üçüncü eksperimentdə isə alimlər iştirakçıların cəmiyyət barədə təsəvvürünü süni şəkildə dəyişiblər. Onlara cəmiyyətin getdikcə daha az ədalətli olduğu fikri aşılandıqda, həmin şəxslər sonradan müxtəlif sui-qəsd iddiaları ilə daha çox razılaşıblar. Əksinə, cəmiyyətin daha ədalətli olduğu barədə məlumat alan iştirakçılar bu cür nəzəriyyələrə daha az inanıblar.

Araşdırma həmçinin göstərib ki, yaşanan çətinliklər yalnız siyasi sui-qəsd nəzəriyyələrinə inamı artırmır. Eyni zamanda bu insanlar dövlət qurumlarına və ictimai institutlara etimadı da daha tez itirirlər.

Tədqiqatın aparıcı müəllifi, Nottingem Universitetinin Psixologiya Məktəbinin əməkdaşı Daniel Jollinin sözlərinə görə, həyatdakı çətinliklər insanı avtomatik olaraq sui-qəsd nəzəriyyələrinin tərəfdarına çevirmir. Lakin bu təcrübələr insanda dünyanın ədalətsiz olduğu inancını formalaşdırarsa, belə nəzəriyyələr baş verən hadisələrə izah verdiyi üçün daha cəlbedici görünə bilər.

Araşdırmanın həmmüəllifi Laura Bleyki isə qeyd edib ki, əldə olunan nəticələr birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Bununla belə, tədqiqat yaşanan çətinliklərin insanların cəmiyyəti necə qəbul etməsinə və dövlət institutlarına olan etimadına hansı mexanizm vasitəsilə təsir göstərə biləcəyini ortaya qoyur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.