16 il ərzində Bakı-Ceyhan kəməri ilə nə qədər neft göndərildiyi açıqlandı

Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) ilə istismara veriləndən 2022-ci ilin ikinci rübünün sonunadək ümumilikdə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5087 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu barədə “BP-Azerbaijan” şirkətinin I yarımil üzrə yaydığı məlumatda bildirilib.

Məlumata görə, ilk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənmiş və yola salınıb. Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

2022-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 49 milyon dollar, əsaslı xərclərə isə 9 milyon dollar vəsait xərclənib.

BTC 2006-cı ilin iyul ayından istismara verilib.

Xatırladaq ki, BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

Əvvəlki məqalə

Azərbaycan Ordusunun döyüş təyyarələrinin məşq uçuşları keçirlir-

Sonrakı məqalə

Senat Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəklədi