İstirahət məkanlarında qiymətlər niyə bahadır?  

 Azərbaycanda Yeni ilin gəlişi ilə istirahət sektorunda qiymətlərin bahalaşmasından şikayətlər eşidilir.

Məlumatlara görə, ölkənin şimal rayonlarındakı bir çox otellərdə Yeni il gecəsini keçirmək üçün orta aylıq əməkhaqqı (827.9 manat) yetərli deyil. Üstəlik, onlar ötən illə müqayisədə qiymətlərin də yüksəldiyini vurğulayırlar.

Şimal zonasında yerləşən otellər bunu bütün sahələrdə qiymətlərin artması ilə izah ediblər.

Dövlət Turizm Agentliyindən açıqlamasnda bildirilib ki, 2022-ci ilin yanvar–noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayında 2.1 dəfə artım var (1 milyon 458.5 min): “Hədəfimiz turizm sənayesinin istər xarici turistlərin ölkəmizə gətirilməsi, istərsə də daxili turizm xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aktiv və səmərəli fəaliyyətini təmin etməkdir”.

Agentlikdən vurğulanıb ki, 2026-cı ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayını 4, ölkə daxilində turist səfərləri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaq istəyirlər.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda qiymətlərin baha olması hətta vizual görünür: “İstənilən şəxs internet üzərindən Yeni il gecəsinə sayılıb-seçilmiş otellərə müraciət etsə, çoxunda yer yoxdur, olanlarda da qiymət günlük adambaşına 800-1000 manat arasıdır”. O deyib ki, sayları az olanda, rəqabət olmayanda, əlbəttə ki, qiymət da yüksək olur. İkinci səbəb isə quru sərhədlərin bağlı olmasıdır.

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin fevralından başlayaraq ölkənin qonşuları ilə sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb.

N.Cəfərli isə qeyd edib ki, pandemiyadan öncə bir tək Gürcüstana dekabrın sonundan yanvarın ilk həftəsinə qədər Azərbaycandan 80-100 min adam gedib-gəlirdi: “Bu da vətəndaşlar üçün seçim imkanlarını genişləndirirdi. İndi isə sərhədlərin bağlı olması seçim imkanlarını da aşağı salıb və qiymətlərə də təsir edib. Bayram günlərində Tbilisiyə aviabiletlərin qiyməti 1000 manatı keçmişdi. Ölkədaxili otellərin sahibləri bunu görürlər və tələbin çox güclü olduğunu nəzərə alaraq qiymətləri yuxarı edirlər”.

O, qiymətlərin dövlət tərəfindən hər hansı formada tənzimlənməsinin tərəfdarı olmadığını vurğulayıb. Ekspertin sözlərinə görə, problem ondan ibarətdir ki, Azərbaycanda şəbəkə otellərinin çoxu bir mərkəzə bağlıdır.

“Rəqabət o vaxt olacaq ki, bu tip otellərlə yanaşı, motel, ailə-otellər, butik-otellər konsepsiyasına dövlət dəstək verəcək. Yəni, onların sahiblərinə uzunmüddətli aşağı faizlə biznes kreditləri verilməlidir, onlar üçün treninqlər təşkil edilməlidir. Bir tək Tbilisidə təqribən 700 ailə-otellər var, Azərbaycanda isə barmaqla sayılacaq qədərdir”.

Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qəribin sözlərinə görə, turizm obyektlərində qiymətlərin baha olması restoran və kafelərdə menyunun olmaması ilə bağlıdır.

“Bir çox hallarda restoran və kafelərdə menyu olmur. Ofisiant, yaxud obyekt sahibi baxır kiminlə gəlmisən, hansı maşınla gəlmisən, haradan gəlmisən, hansı dildə danışırsan- ondan sonra qiymətlə bağlı qərar verir.

“Turizmin inkişafından danışırıqsa “bu, xırda məsələdir” anlayışından uzaq olmalıyıq. Yoxdur turizmdə xırda məsələ anlayışı yoxdur. Hər bir xırda nöqsan turistin itirilməsi deməkdir, turisti qaytarmaq isə çox müşkül məsələdir. Pulu cibində olanlar üzünü tutacaq digər ölkəyə”, – deyə A.Qərib qeyd edib.

Ekspertlərin fikrincə, regionlarda qiymətlərin münasib olması üçün yeni hotellərin və iaşə obyektlərinin inşasına ehtiyac var. Beş, dörd, üç ulduzlu hotellərlə yanaşı, bir və iki ulduzlu hostellər tikilməlidir. Bu da qiymət siyasətinə öz təsirini göstərə və rəqabət yarana bilər. Hostellər ucuz olduğundan turistlərin daha çox marağını çəkir. Çünki turist ən çox gəzməyə vaxt ayırır. Onun üçün gecə yatması üçün yer lazımdır. Adətən, bahalı otellərdə beynəlxalq əhəmiyyətli tədbirlərə gələn biznes adamları qalır. Kütləvi turizmi inkişaf etdirmək üçün hostellərin və üç ulduzlu hotellərin fəaliyyətinə ehtiyac var.

Regionlarda turizm obyektlərində kadr məsələləri də zəifdir. Ofisiantların, barmenlərin yüksək səviyyədə xidmət göstərməsi üçün mütləq mütəmadi treninqlər keçirilməlidir. Digər məsələ sanitar gigiyenik normalara diqqət yetirilməsidir. Eyni zamanda, yeməklər keyfiyyətli və münasib qiymətə olmalıdır. Bununla da insanlar səyahət etdiyi yerdə üç gün yox, on gün qalmağa həvəsli olmalıdır. Turist bir yerdə nə qədər çox qalarsa, bir o qədər də çox gəlir gətirər.

Mütəxəssislərin hesablamasına görə, daxili turizmin inkişafı ölkəyə daha çox pul gətirər. Əgər qiymət siyasəti düzgün qurulsa əhali artıq Gürcüstana və digər ölkələrə getməyə ehtiyac görməzlər.

Xarici turistlər əsasən şimal-qərb (Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala) və şimal-şərq (Quba-Qusar-Xaçmaz) bölgələrimizə maraq göstərir. Daha sonra isə cənub bölgəsinə, yəni Masallı, Lənkəran, Lerik və Astaraya üz tutulur. Şimal-qərb zonasında yerləşən hotellərin qiyməti şimal-şərq zonasında yerləşən hotellərə nisbətən bahadır. Bunun da səbəbləri var. Belə ki, şimal-qərb zonasında yerləşən hotellərin keyfiyyəti yüksəkdir.

Kənd turizminin inkişafına da ciddi fikir verilməlidir. Hər bir kənddə turizm obyekti tikməyə ehtiyac da yoxdur. Sadəcə yerli əhaliyə aşağı faizli kreditlər verilərək evlərinin bir hissəsinin turizm obyekti kimi hazırlayaraq turistləri cəlb edə bilərlər. Bu baxımdan kənd turizminin inkişafına və kəndlərdə məşğulluğa dəstək məqsədi daşıyan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsini qeyd etmək olar. Turizm sahəsində kadr potensialının əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Eyni zamanda Türkiyə, İspaniya, İtaliya və qonşu Gürcüstan kimi ölkələrin təcrübəsindən yararlanmaqla Azərbaycanı dünya turizminin liderləri müstəvisinə çıxarmaq mümkündür.

Azərbaycana gələn turistlərin sayı son 10 illikdə artmaqda davam edir. 2011-ci ildə Azərbaycana gələn turistlərin sayı 2,3 milyon nəfər təşkil edib. 2019-cu ildə Azərbaycana ümumilikdə 3,2 milyon turist gəlib. Onlardan 932 mini Rusiyadan, 725 mini Gürcüstandan və 361 mini Yaxın Şərq ölkələrindən gəlib. Azərbaycan İrandan 255 min nəfər, Mərkəzi və Cənubi Asiya ölkələrindən isə 249 min turist qəbul edib.

Qeyd edək ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə turizm sahəsində bir sıra islahatlar aparılıb. 2010-cu ildə “Azərbaycan Respublikasında 2010 – 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Dövlət proqramı çərçivəsində 2011-ci il Azərbaycanda “Turizm ili” elan olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında Fərmanın əsas strateji məqsədi isə mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifahın əldə edilməsinə istiqamətlənmişdi.

 

G.HÜSEYNOVA

Yazı MEDİA-nın dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb

 

Əvvəlki məqalə

Bakıda polis bağlı qapını açdı, içəridən dörd meyit çıxdı

Sonrakı məqalə

Ərdoğan Putinlə telefonla danışdı