“1993-cü ilin iyun ayının birinci və ikinci ongünlüyündə böyük sülh sazişinin imzalanması gözlənilirdi. Bu saziş və ona əlavə olunan sənədlərə görə 20 iyunda Kəlbəcər azad olunurdu. Sonrakı 40 gün ərzində isə Azəbaycanın ərazi bütövlüyü gözlənilməklə, habelə Dağlıq Qarabağda yaşayan ermənilərə özünüidarəetmə muxtariyyəti verilməklə müharibə qurtarırdı”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn 4 iyun Gəncə qiyamı ilə bağlı moderator.az-ın sorğusuna cavabında deyib.
Pənah Hüseyn Gəncə qiyamının Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini əngəllədiyini vurğulayıb: “Bu saziş 26-27 may tarixlərinə imzalanmışdı. Iyunun 14-də qondarma Dağlıq Qarabağ “Respublikası”nın parlamenti tərəfindən də qəbul edilmişdi. Artıq o vaxt qiyam başlamışdı. Ermənilər şərt qoydular ki, vəziyyət aydınlaşandan sonra bu plan işləməyə başlasın. Sonrakı hadisələr isə aydındır”.
Sabiq Baş nazirin sözlərinə görə, 4 iyun qiyamı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində 1993-cü ilin yayında həllinin qarşısını aldı: “Əslində qiyamçıların hərəkətinə ən ciddi qiymət bu baxımdan verilməlidir. Mənim dediyim məsələlər istər Rusiya, istər Ermənistan mətbuatında öz əksini tapıb”.
P.Hüseyn 4 iyun qiyamı ilə bağlı zamankı Azərbaycan hökumətinin də məsuliyyətini qəbul etdiyini deyib: “Bizim hakimiyyət olaraq borcumuz bu qiyamın ümumiyyətlə başlanmasına imkan verməmək, onun qarşısını almaq idi. Buna nail olsaydıq, o zaman Qarabağ probleminin 1993-cü ilin yayında Azərbaycanın ərazi bütövlüyü çərçivəsidə həlinə nail ola bilərdik”.