Son 20 ildə 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib.
Azpost.info bildirir ki, bu sözləri daxili işlər naziri Vilayət Eyvazov “Polis Günü”nə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb: “O cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb. Onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb”.
V.Eyvazovun sözlərinə görə, cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb.
Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayıb. Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunub.
Azpost.info