20 yanvar Bakı qırğınına rəhbərlik etmiş Baş nazir Rıjkov:“Vəzirov yalvarırdı, Qorbaçov mənə “işini gör” dedi” (TARİX)

“1990-cı il yanvarın 20-də Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetinə birgə qəbul olunub. İclasda SSRİ Ali sovetinin sədri Anatoli Lukyanov, müdafiə naziri Dimitri Yazov, DTK-nın sədri Kryuçkov, DİN naziri Bakatin və mən iştirak etmişik.  Yazov ordunun yeridilməsi üçün rəsmi fərman tələb etdi. Qorbaçov köməkçisi Medvedyevə ordunun şəhərə daxil olması barədə fərmanın mətnini hazırlamağı və gecə yarısı KİV-də dərc etməyi tapşırdı”.

Azpost.info bildirir ki, bu sözləri SSRİ-nin Baş naziri olmuş Nikolay Rıjkov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Medvedyev mətnin hazırlanmasını uzadıb: “Sənəd yalnız səhər dərc olundu. Ordu isə iclas bitən kimi Bakıya girmişdi. Medvedyev ya bu addımla  göstərişi sabotaj etdi, ya da ola bilsin bu düşünülmüş addım idi. Situasiyanın necə olacağına baxmaq üçün sənədi ləngitmişdilər”.

N.Rıjkov deyib ki, 19 yanvar gecə saat 11-də ona Azərbaycan Kommunist  Partiyasının birinci katibi Əbdürrəhman Vəzirov zəng vurub: “Vəzirov israrla yalvarıb ordunun Bakıya girişinin dayandırlmasını xahiş edirdi. Gecə mənə Yazov zəng vurdu. Dedi ki, Qorbaçova zəng vura bilmir. Yazov deyirdi ki, orduya atəş açırlar. Əsgərlər arasında ölənlər var. Soruşdu ki, “nə edək?”. Cavab verdim ki, “atəşə atəşlə cavab verin”.

N.Rıjkovun sözlərinə görə, o, gecə M. Qorbaçovla danışıb: “Həmin gecə Qorbaçov 3 dəfə mənə zəng vurdu. Mən vəziyyət barədə ona məruzə elədim. O cavabında yalnız: “Yaxşı, davam elə, işini gör” dedi”.

Jurnalistin “Siz heç bir rəsmi fərman olmadan keçirilən bu hərbi əməliyyata necə rəhbərlik edirdiniz?”  sualına Rıjkovun cavabı əcaib olub: “Mən siyasətlə məşğul olmurdum, məsələni həll edirdim”.

N.Rıjkov bildirib ki, Bakıda baş vermiş qanlı qırğına görə dindirilib.

Onun sözlərinə görə, 1990-cı ilin yanvarın əvvələrində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin iclasında Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə məsələni qoyub. “Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova kəskin şəkildə bunu əleyhinə çıxdı və bəyan etdi ki, Rıjkov bu təkliflə vəziyyəti daha ağırlaşdırır. Nəticədə biz fövqaladə vəziyyəti Dağlıq Qarabağda tətbiq etdik”.

Rıjkov deyib ki, Bakıda yaranmış ağır vəziyyətlə əlaqadar o, şəhərin erməni və rus sakinlərinin Xəzər vasitəsilə Krasnovdsa evakuasiya olunmasını təşkil edib.

Müsahibədə N. Rıjkov etiraf edib ki, Sov.İKP-nın sabiq başçısı Yuri Andropov öz varisi kimi Mixail Qorbaçovu  seçməklə səhvə yol verdi: “O, səhv elədi. Qorbaçovdan yaxşı keşiş, leninizm təbliğatçısı çıxardı. Amma onu qətiyyən hakimiyyətə yaxın buraxmaq olmazdı”.

Nikolay Rıjkov 1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri olub.  2003-cü ildən Rusiya Federasiya Şurasının üzvüdür. 2008-ci ildən isə Ermənistanın Milli Qəhrəmanıdır. Spitak zəlzələsi zamanı xilasetmə işlərinə rəhbərlik etdiyinə görə bu adı ona veriblər.

Xatırladaq ki, 1990-cı ili yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri heç bir xəbərdarlıq etmədən Bakıya daxil olaraq mülki əhalini gülləbaran ediblər.  Qarabağ probleminin həliinə Moskvanın qərəzli və qeyri-obyektiv mövqeyinə etiraz edən Azərbaycan vətəndaşları  kütləvi etiraz aksiyaları ilə bütün SSRİ-nin diqqətini çəkə bilmişdilər. Yaranmış böhranı siyasi vasitələrlə həll edə bilməyən Kreml ənənəvi sovet metoduna əl atdı. Ordu şəhərə girib dinc əhalini atəşə tutdu. Nəticədə yüzlərlə dinc sakin öldürüldü, minlərlə insan yaralandı.

Sabah SSRİ Nazirlər Sovetinin sədri olmuş Nikolay Rıjkovun doğum günüdür. 90 yaşı tamam olur.

Yəqn ki, 90 yaşlı bu fəxri qoca sabah sağlığına qaldırılacaq şərab badəsini içərkən 30 il əvvəl Bakıda törətdiyi qanlı qırğını xatırlamayacaq. Amma günahsız insanların öldürülməsi ilə bağlı atdığı bu anti-bəşəri addımına görə hökmən tarix qarşısında cavab verəcək.

Bu dünyada olmasa belə, Tanrı qarşısında!  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elmar Məmmədyarov BMT-nin baş katibi Antoniu Quterreş ilə görüşüb

Sonrakı məqalə

İmişlinin üzərindən yanan meteor keçib –