“20 Yanvar qırğınına görə SSRİ rəhbərliyi məsuliyyət daşıyır” –XİN BƏYANAT VERDİ

“20 Yanvar hadisələrinə görə sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva 20 Yanvar hadisələri ilə bağlı bəyanatını səsləndirərkən deyib.

O bildirib ki, beynəlxalq hüquqa əsasən, 20 yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Hazırda müstəqilliyinin bərpasının 31-ci ilini yaşayan Azərbaycan Respublikası dünya birliyinin layiqli, etibarlı üzvüdür. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi dövlətçiliyimizin təməlini təşkil edir. Bu təməl prinsiplərinin hər zaman uca tutulması uğrunda mübarizəmiz daimidir. Dövlətimizin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı ola biləcək hər hansı təhdidlər bundan sonra da tərəfimizdən cavablandırılacaq və Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlərə görə məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməsi üçün bütün lazımi addımlar atılacaq. Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən bütün şəhidlərimizin ruhunu dərin ehtiramla anırıq”, – XİN rəsmisi vurğulayıb.

Xarici İşlər Nazirliyində (XİN) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilir.

Mərasimdə nazirliyin 20 Yanvar faciəsi ilə bağlı bəyanatı səsləndirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSRİ konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törədib.

“Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pislədi. Xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ildə keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Müzakirələrin yekunu olaraq 1990-cı ilin yanvarın 20-də Bakıda törədilmiş faciəvi hadisələr haqqında qərar qəbul edildi. 20 yanvar Ümumxalq Hüzn günü elan edildi. 20 Yanvar faciəsinin üzərindən 32 il keçir. Lakin BMT-nin Ümumdünya insan hüquqları bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymət hələ də verilməyib”, – XİN rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Tağıyevin heykəlini zədələyənlər saxlanılıb –

Sonrakı məqalə

Ramiz Mehdiyevin və AMEA Aparatının maaşları artırılıb –