“2008-ci ildən sonra Rusiyanın Gürcüstanda imicinə ikinci böyük zərbə dəydi” –ŞƏRH

Gürcüstanda ötən həftə sonu növbəti daha izdihamlı etiraz aksiyasını gördük. İrəvanda keçirilənlə müqayisə edə bilərsiniz.
Bu etiraz aksiyasını ənənəvi Qərbmeyilli müxalifət partiyaları təşkil etmir, önündə getmir, heç bir ənənəvi siyasətçi tribunalardan çıxış etmir, ümumiyyətlə etirazların hansısa parlaq lider(lər)i və natiq(lər)i yoxdu.
– ənənəvi müxalifət partiyaları son illərdə demək olar ki, sıradan çıxıb, parçalanıb və marjinallaşıb.
– insanları küçələrə liderlər və siyasətçilər yox, ideya çıxarıb. Bu ideyanı qəbul edib ya etməyə bilərsiz. Onun səhv ya düz olduğunu da, ya da təbliğatın nəticəsi də hesab edə bilərsiz. Bu mahiyyəti dəyişmir.
Maraqlı bir vəziyyət yaranıb. Hakimiyyət ciddi cəhdlə bu etiraz aksiyalarının məsuliyyətini əsas müxalifət partiyası Vahid Milli Hərəkatın partiyasının üzərinə qoymaq istəyir, bununla da həmin etiraz aksiyalarını gözdən salmağa çalışır. VMH isə etiraz aksiyalarının əsas hərəkətverici qüvvəsi olması roluna iddia etmədiyini göstərir. Belə görünür ki, M.Saakaşviliyə və onun partiyasına izah edilib ki, onların bu etirazların önünə çıxmaq və başçılıq etmək cəhdləri etiraz aksiyasında iştirak edənlərə mənfi təsir edə və onları iştirakdan çəkindirə bilər, ona görə də onlar xüsusi canfəşanlıq etmirlər.
Görünən odur ki, bu etiraz aksiyalarında daha çox son illərdə seçkilərdə iştirak etməyən həm hakimiyyətdən, həm də ənənəvi Qərbmeyilli müxalifətdən narazı əhali kütləsi (əhalinin azı 50-60%) iştirak edir. Yəni, ordakı etirazçıların bəlkə də yarıdan çoxu məsələn M.Saakaşvilini qəbul etmir, istəmir, əgər o, etiraz aksiyasının bu gün önünə çıxmaq istəsə ən azı yarıdan çox insanlar etirazlara qatılmayacaq.
Əhali əslində indiki hakimiyyətdən narazı deyildi. Elə Qərb institutlarının son illərdə keçirdiyi sosioloji sorğularda əslində hakim Gürcü Arzusunun mövqeləri daha da yaxşılaşırdı. Bəlkə də, bu indiki hakimiyyətə əminlik verdi ki, bu qanunu rahat keçirə biləcəklər.
“Gürcü Arzusu”nun mövqelərinin yaxşılaşmasının 2 səbəbi vardi. Birinci, iqtisadi indikatorlar həqiqətən də yaxşılaşırdı. İkincisi, əhali indiki hakimiyyətin Rusiya ilə qarşıdurmadan yayınmaq siyasətini dəstəkləyirdi. İndiki hakimiyyətin müxalifətin ölkəni Rusiya ilə qarşıdurmaya aparmaq istəməsi təbliğinə inanırdı. Bu siyasət Gürcü Arzusu hakimiyyətinə dəstəyin son 2 ildə artmasında mühüm rol oynadı.
 Ancaq əhali indiki hakimiyyətin Rusiya ilə münaqişədən qaçmaq siyasətini dəstəkləsə də indi bu qanunun qəbul edilməsi cəhdində ölkənin Rusiyanın təsir dairəsinə qaytarmaq və Avro-Atlantik məkanından imtina etmək niyyətini gördü. Bu həqiqətən belədi, ya belə deyil, bu başqa məsələdi… Əsas odur ki, elə gördülər.
Həmin sosioloji sorğular indiki etirazların səbəbini izah edən ikinci trendi də göstərirdi. Bu da Ukrayna müharibəsindən sonra Gürcüstan əhalisi arasında Avro-Atlantik məkana inteqrasiya tərəfdarlarının ciddi artması idi. Əgər 2008-ci il müharibəsindən sonra əhali arasında davamlı Avro-Atlantik məkana inteqrasiya ilə bağlı davamlı qeyri-məyusluğun artması müşahidə edilirdisə, namizədlik statusunun verilməsi ilə yenidən ümidlər dirildi.
Beləliklə, iki ziddiyyətli trend hakimiyyətə dəstəyin artması və Avro-Atlantik məkana inteqrasiya tərəfdarlarının artması ilə bağlı ziddiyyət hansısa formada ortaya çıxmalı idi. Çıxmaya da bilərdi. Ancaq hakimiyyət sanki bu qanun layihəsi ilə həmin ziddiyyətin ortaya çıxmasını təhrik etdi.
Hələlik, bir nəticə ortadadır. Bu qanunun həqiqətən də Rusiyanın istəyi ilə ortaya atılıb atılmamasından asılı olmayaraq, 2008-ci ildən sonra Rusiyanın Gürcüstanda imicinə ikinci böyük zərbə dəydi. İndiki hakimiyyətə də (əgər hakimiyyətdə qala biləcəksə) indən sonra Rusiya ilə münasibətləri normal saxlamaq daha çətin olacaq. Rusiya indən sonra indiki hakimiyyətdən onunla daha yaxşı münasibətlər saxlamağa çalışan başqa hökumət yaxın zamanlarda görməyəcək.
Fuad Çıraqov 
Politoloq
Əvvəlki məqalə

Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək

Sonrakı məqalə

Heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit ayrıldı