260 min müəllimin maaşı artırılıb –

Prezidentin sərəncamı kimləri əhatə edəcək?  
04 Sentyabr 2019 - 12:56

“Minimum əməkhaqqının artırılması haqqında sərəncam 260 minə yaxın təhsil işçisini əhatə edəcək. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı 20, vahid tarif cədvəli ilə maaş alanların orta əməkhaqqı 40 faiz artacaqdır”.

Azpost.info bildirir ki, bu barədə Təhsil nazirinin müavini İdris İsayev məlumat verib.

Onun sözlərinə görə, təhsil işçilərinin ödəniş sistemi iki qrupa bölünür: diaqnostik qiymətləndirmədən keçən və vahid tarif cədvəli ilə əməkhaqqı alanlar: “Pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər, 100 min nəfərini vahid tarif cədvəli ilə əməkhaqqı alanlar təşkil edir. Birinci qrup üzrə orta aylıq əməkhaqqı 20, ikinci qrup üzrə 40 faiz artırılıb. Əməkhaqqı artımları təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı eyni zamanda təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək”.

Nazir müavini deyib ki, təxminən 81 minə yaxın müəllim vəzifə maaşına əlavə alır: “Məsələn, elmi dərəcəyə, sinif rəhbərliyinə, ümumtəhsil məktəbinin statusuna görə əlavələr var. Həmin əlavələrin artırılması da nəzərdə tutulur”.

İ.İsayevin sözlərinə görə, orta ixtisas məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində 15-16 min nəfərə yaxın pedaqoji heyət çalışır. Sərəncama əsasən onların da maaşları orta hesabla 50 faiz artacaq: “Bundan başqa Təhsil Nazirliyinin tabeliyində olan bir sıra qurumlar var və orada 2500 nəfərə yaxın təhsil işçisi çalışır ki, onların da əməkhaqqına 40 faiz artımlar ediləcək”.