81 yaşlı məşhur kino aktrisası Barbara Streyzend mükafatlandırıldı –FOTO

Məşhur aktrisa, müğənni və kinorejissor Barbra Streyzand Kinoaktyorlar Gildiyasının (SAG-AFTRA) mükafatına layiq görülüb.

Aktrisaya mükafatı Hollivud ulduzları Cennifer Eniston və Bredli Kuper təqdim ediblər. Bu, Barbra Streyzandın məhsuldar karyerasına və humanitar fəaliyyətinə olan ehtiramın əlamətidir.

Beləliklə, 81 yaşlı Barbra Streyzand SAG-AFTRA-nın “aktyor sənətinin ən yaxşı ideallarını” təcəssüm etdirən ekran ustalarına verilən mükafatının 59-cu laureatı olub. Zala toplaşanlar onu alqışlarla qarşılayıblar, onların bir çoxu isə göz yaşlarını saxlaya bilməyiblər.

Aktrisanın mükafata layiq görülməsi elan edildikdən sonra SAG-AFTRA-nın prezidenti Fren Dreşer onu “bir ikona və misilsiz istedad, öz parlaqlığını kino sənayesində qüsursuz şəkildə əks etdirmiş təbiət qüvvəsi” adlandırıb.

“Brodveydə tamaşaçıları valeh edən ilk günlərindən tutmuş “Məzəli qız”, “Bizim yolumuz” və “Ulduz doğuldu” kimi kino incilərində yaratdığı unudulmaz rollara qədər Barbranın öz personajlarına orijinallıq aşılamaq bacarığı qeyri-adi bir fenomenal keyfiyyətdir. Biz Barbra Streyzandı təkcə əldə etdiyi nailiyyətlərə görə deyil, həm də onun qoyub getdiyi davamlı irsə görə şərəfləndiririk”, – deyə Dreşer bildirib.

Streyzand Bruklində yeniyetmə ikən aktrisa olmaq arzusundan və 1955-ci ildə çəkilmiş “Oğlanlar və gəlinciklər” filmində aktyor Marlon Brandoya heyran olmasından danışıb. Aktrisa daha sonra deyib: “Bu xəyali dünya mənim yaşadığım hər şeydən daha xoş idi. Reallığı bəyənmədim. Ekrandakı digər qadınlar kimi olmadığımı bilsəm də, filmlərdə çəkilmək istəyirdim. Anam dedi ki, “yazmağı öyrənsən yaxşı olar”, amma mən ona qulaq asmadım”.

Bu, diqqətəlayiq mükafatlar kolleksiyasına sahib olan Streyzand üçün ilk SAG mükafatı idi: o, iki “Oskar”, on “Qremmi”, beş “Emmi”, üç “Peabody” mükafatları laureatıdır, həmçinin aktrisanı bütün bu mükafatları qazanan EGOT ulduzlarının elit klubuna daxil edən “onilliyin ulduzu” üçün “Toni” mükafatı alıb.

Barbra Streyzand öz giriş nitqini aktyor və rejissor yoldaşlarına müraciətlə yekunlaşdırıb: “Hər şeydən əvvəl, hamınızı ekranda izləmək sevincini mənə bəxş etdiyiniz üçün sizlərə təşəkkür etmək istəyirəm.”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.