Məşhur aktrisa və müğənni Cennifer Lopez oğlu Maksla arasında baş vermiş maraqlı söhbəti danışıb.
Bir dəfə oğlu anasından səhnəyə niyə bu qədər açıq-saçıq geyimlərdə çıxdığını soruşub. Gənc tamaşaçı ulduzun əsasən parıltılı bodilərdən və hündürdaban ayaqqabılardan ibarət ənənəvi konsert geyimlərindən o qədər də məmnun olmayıb.
Müğənni Drew Barrymore-un şousunda çıxış edərkən bu hadisənin 10 il əvvəl, Las-Veqasda ilk konserti zamanı baş verdiyini xatırlayıb. Həmin vaxt onun əkizləri Maks və Emma cəmi 7 yaşında idilər və 8 yaşlarını qeyd etməyə hazırlaşırdılar. “Konsertdən sonra oğlum Maks yanıma gəlib dedi: ‘Ana!’ Mən düşündüm ki, indi ‘Bu, möhtəşəm şou idi!’ deyəcək. Amma o, bunun əvəzinə soruşdu: ‘Niyə səhnədə heç vaxt şalvar geyinmirsən?’” – Lopez danışıb.
Müğənninin sözlərinə görə, bu sual onu səhnə geyimlərinin uşaqların gözü ilə necə qeyri-adi görünə biləcəyi barədə düşünməyə vadar edib.
“ Mən ona cavab verdim: ‘Bəli, yəqin ki, sənin üçün bu, həqiqətən də qəribə görünür’”. Lakin Cenniferin izahı tez tapılıb: “Mən sadəcə ona dedim: ‘Axı mən şou qızam!’ Mən rəqqasəyəm, balam, şou qızam. Bu, mənim işimdir”.
Son 10 ildə oğlunun fikri sənətçini sevdiyi üslubdan vaz keçməyə vadar etməyib. Əksinə, Lopez tədricən şalvarsız səhnə obrazlarını gündəlik həyatına da gətirib və ictimaiyyət qarşısında mütəmadi olaraq gözoxşayan bodilər və digər cəsarətli geyimlərdə görünməyə başlayıb.
Sunay Aydın