61 yaşlı italiyalı aktrisa Monika Belluççi Hollivudun yaş stereotiplərinə necə meydan oxuduğunu, filmlərdə çılpaq səhnələrdən niyə çəkinmədiyini və Mel Gibsonla işləməkdən hansı təəssüratları aldığını açıqlayıb.
Azpost.info bildirir ki, ulduz bu barədə Mərakeş kinofestivalında “Variety” jurnalının təşkil etdiyi yaradıcılıq görüşündə danışıb.
Belluççi Sem Mendesin “007: Spektr” filmində rol alaraq Bond filmləri tarixində özünəməxsus yer tutub. Filmin çəkilişləri zamanı onun 50 yaşı var idi. Bu, onu Ceyms Bondun sevgilisi rolunu canlandıran ən yaşlı aktrisa edib. Monika özü bu təyinatı kino sənayesində yaşla bağlı stereotiplərin aradan qaldırılması istiqamətində mühüm addım hesab edir.
Aktrisanın sözlərinə görə, rejissor Sem Mendes ekranda yetkin qadını göstərmək istəyib və ona franşiza üçün qeyri-adi, güclü rol təklif edib. Bu rol film seriyası üçün müəyyən mənada inqilabi yenilik ola bilərdi.
“50 yaşım var idi və bundan əvvəl 50 yaşlı Bond qadını görməmişdim. Düşünürəm ki, indiyə qədər gördüyümüz Bond qadınları, xanımları və ya sevgililəri arasında ən yaşlısı mənəm”, – Belluççi gülümsəyərək bildirib.
Aktrisa etiraf edib ki, 50 yaşında həyatının yeni mərhələsinə keçmək onun üçün asan olmayıb. Lakin məhz “007: Spektr” və Emir Kusturitsanın “Süd yolu ilə” filmlərindəki rolları ona bu dövrü keçməyə və peşəsində yeni imkanlar kəşf etməyə kömək edib.
Belluççi filmlərdə çılpaq səhnələr barədə də danışıb. O, belə səhnələrin dramaturji baxımdan əsaslandırıldığı halda, onları utancverici və ya alçaldıcı hesab etmədiyini vurğulayıb.
Cuzeppe Tornatorenin “Malena” filmindəki məşhur rolunu xatırlayan aktrisa kamera qarşısında çılpaq olmağı tələb edən səhnələrə sakit yanaşdığını bildirib. Onun sözlərinə görə, model biznesindəki təcrübəsi öz bədənində daha rahat hiss etməsinə kömək edib.
“Mən kinoya moda dünyasından gəlmişəm. Buna görə də əvvəlki işim mənə öz bədənimə münasibətdə müəyyən sərbəstlik qazandırmışdı”, – o izah edib.
Belluççi hesab edir ki, çılpaqlıq obrazı daha dərindən açmağa imkan verən mühüm bədii vasitə ola bilər.
Aktrisa Mel Gibsonun “İsanın ehtirası” filminin çəkilişlərini də ayrıca xatırlayıb. Həmin filmdə o, Məryəm Maqdalenanı canlandırıb. 2004-cü ildə ekranlara çıxan film birmənalı qarşılanmasa da, Belluççi layihədə iştirakına görə peşman olmadığını bildirib.
Onun sözlərinə görə, həmin vaxt başqa bir döyüş filmində çəkilmək təklifi də alıb, lakin uzun müddətdir Mel Gibsonun rejissorluq üslubu ilə tanış olmaq istədiyindən onun layihəsini seçib.
“Mel Gibsonla işləmək istəyirdim. Onun xoşuma gələn filmlərini görmüşdüm və bu, həqiqətən əldə etmək istədiyim təcrübə idi”, – aktrisa bildirib.
Belluççi Gibsonu aktyorlarla işləməyi bacaran inanılmaz rejissor adlandırıb. O, rejissorla “İsanın ehtirası” filminin davamı – hazırda Gibsonun üzərində işlədiyi iki hissəli “Məsihin dirilməsi” layihəsini də müzakirə etdiklərini təsdiqləyib.
Aktrisa son illərdə peşəsinə münasibətinin dəyişdiyini gizlətmir. Əvvəllər onun karyerası əsasən Frensis Ford Koppola, Cuzeppe Tornatore, Qaspar Noe və Devid Linç kimi tanınmış kişi rejissorlarla əməkdaşlıq üzərində qurulurdusa, indi qadın rejissorlarla da işləməkdən zövq alır.
O, yaş artdıqca daha müxtəlif rollar təklif olunduğunu və bu rolların şəxsiyyətinin yeni tərəflərini üzə çıxarmağa imkan verdiyini də qeyd edib.
“Bədənimiz bizim iş alətimizdir. O dəyişir, onunla birlikdə rollar da dəyişir. Yaş artdıqca təcrübə qazanırıq və həyat haqqında hekayələri fərqli şəkildə danışırıq”, – aktrisa bildirib.
Belluççi vurğulayıb ki, bu gün qadınların 40 yaşdan sonra karyeralarını davam etdirməsi bir neçə onillik əvvəl olduğundan daha asandır. O, Syuzan Sarandon, Cudi Denç, Ceymi Li Kertis və Meril Stripin adlarını çəkərək onların yaşın aktrisalara parlaq və mürəkkəb rollar almağa mane olmadığını sübut etdiklərini bildirib.
Hollivudda zəngin karyerası və qazandığı şöhrətə baxmayaraq, Belluççi heç vaxt ABŞ-a köçməyə can atmayıb. O, özünü ilk növbədə avropalı hesab etdiyini və Parislə Roma arasında yaşamağa üstünlük verdiyini etiraf edib.
“Kinonu sevirəm, amma həyatı daha çox sevirəm”, – ulduz bildirib.
Onun sözlərinə görə, illər keçdikcə sadə şeylərin – ailənin, dostların və çəkiliş meydançalarından uzaqda adi gündəlik həyat yaşamaq imkanının dəyərini daha çox anlayır.
Görüşün sonunda Belluççi böyük kino ekranını müdafiə edərək, kinematoqrafiyanı insan mədəniyyətinin ən mühüm elementlərindən biri adlandırıb.
“Ümid edirəm, kino heç vaxt yox olmayacaq. Çünki səmimi şəkildə inanıram ki, o, bəşəriyyət üçün zəruri olan mədəni elementlərdən biridir”, – aktrisa bildirib.

