Ölkəmizdə iqtisadi münasibətlər kapitalist sisteminə söykənsə də, ölkədə rəsmi milyonçularun parlaq siyahısı yoxdur. Halbuki milyonçular təbəqəsi ölkənin iqtisadi sabitliyinin, milli sahibkarlığın, iri və şəffaf vergi ödəyicilərinin, etimadlı qanunvercilik bazasının, rəqabətli biznes şəraitinin göstəricisi hesab olunur.
Bəs Azərbaycanda niyə rəsmi milyonçu yoxdur?
Mövzu barədə Azpost.info-ya danışan iş adamı, Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirlinin fikrincə, mövcud şərtlərlə Azərbaycanda rəsmi milyonçuların olması mümkün deyil. “Çünki Azərbaycanda biznes sahəsi inhisardadır. Ölkədə real sahibkarlıq demək olar ki, yoxdur. Əvəzində məmur sahibkarlığı və qeyri-rəsmi milyonçular var. Qeyri-rəsmi milyonçuların olması Azərbaycanda kölgə iqtisadiyyatının böyük olduğunu göstərir. Bir qayda olaraq Azərbaycanda məmurlar qohumlarının, yaxınlarının adlarına şirkətlər qurur, özləri isə dövlət vəzifəsi daşıdıqlarına görə üzdə olmur. Bu halda onlar əlbəttə ki, milyonçu olduqlarını da gizlədəcəklər. Çünki qanun məmurların, deputatların biznes fəaliyyəti ilə məşğul omasını qadağan edir”.
Bəs maliyyə amnistiyası bunun üçün hansı perspektivlər aça bilər?
Nazim Bəydəmirli biznes sahəsində şəffaflığın olmasını zəruri saysa da, maliyyə amnistiyasının əleyhinədir: “Azərbaycanda maliyyə amnistiyasının elan olunmasını doğru saymıram. Bu halda maliyyə amnistiyası büdcə oğurluğunu ört-basdır etmək olacaq. Dünya praktikasında maliyyə amnistiyası hansısa sahibkarın vergidən yayınması və kapitalını başqa ölkəyə daşıması zamanı elan edilir. Yəni, o kapitalı geri qaytarmaq üçün. Yenə də deyirəm, bu, real sahibkarlıq faəliyyətinə aid məsələdir. Yoxsa kimsə büdcəni talayıb, xalqın pulu ilə özünə biznes imperiyası qurubsa, maliyyə amnistiyası elan edən zaman faktiki olaraq bu oğruluğu ört-basdır etmiş olursan”, – deyə iqtisadçı ekspert bildirib.
Azpost.info
