Son zamanlar müxtəlif sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) adından istifadə edərək dələduzluq məqsədilə yaradılmış və yüksək gəlirliyi vəd edən xüsusi investisiya portallarının mövcudluğu ilə bağlı paylaşımlar yer almaqdadır. “Milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması” adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və başlıca məqsədi dələduzlar tərəfindən vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsidir.
Bu barədə AMB vətəndaşlara xəbərdarlıq edib. Mərkəzi Bank bunu nəzərə alaraq ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırıb.
Vurğulanıb ki, Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi, xüsusilə də maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.