Səsi qulağımızda, obrazları yaddaşda qalan sənətkar –ŞAHMAR ƏLƏKBƏROVUN 80 YAŞI TAMAM OLUR

Ömrün 49 ilinə bütöv bir həyatı sığdıran, özünün istər kinoda, istər dublyajda, istərsə də rejissor kimi çəkdiyi filmlərlə yaddaşlara yazmağı bacaran görkəmli kino aktyoru və rejissor, Xalq artisti Şahmar Ələkbərovun dünyaya göz açdığı gündür, 80 yaşı tamam olur.
Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə anadan olub.
Azərbaycan Dövlət Teatr İnstutunun dram və kino aktyorluğu fakültəsində-görkəmıli aktyor Rza Təhmasibin kursunda təhsil alıb.
III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Bir müddət sonra Adil İsgəndərоv onu kinostudiyanın nəzdində yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib.
“Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərməyə başlayıb. Hətta təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb.
Özünü sənət üçün hərtərfli inkişaf etdirən aktyor teleradio sahəsində də fəal olub. Radioda ilk dəfə “Ulduz” proqramının aparıcısı kimi çıxış edib. Onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, “Molla Nəsrəddin” radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.
Onun yaradıcılığında elə filmlər var ki, həmin filmlər ən qiymətli sənət nümunələri sırasındadır.
Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar…”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) və s. filmlərdə yaratdığı obrazlarla özünə geniş tamaşaçı auditoriyası yarada bilmişdi.
Bir-birindən fərqli xarakter və dünyagörüş etibarilə müxtəlif obrazlara həyat verən Ş.Ələkbərovun qəhrəmanlarının əksəriyyəti döyüşkən ruhlu, mübarizə dolu rollardır. Əslində aktyorun daxili dünyası bu obrazlarla həmahəng təşkil edirdi.
Ş.Ələkbərovun ilk aktyor karyerasına 1967-ci ildə çəkilən “Dağlarda döyüş” filmindəki Fərrux obrazı ilə başlamışdı.
Yazıçı, ssenarist Əhmədağa Qurbanovun ssenarisi əsasında rejissor Kamil Rüstəmbəyovun çəkdiyi “Dağlarda döyüş” filmində İkinci Dünya müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli aqibətindən də söhbət açılır.
Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması filmin əsas qayəsidir.
Aktyorun filmdə oynadığı Fərrux obrazı sərhəd qoşunlarında xidmət edən bir əsgərdir. Fərrux obrazında səmimiyyətin bütün çalarları – sevgiyə sədaqət, öz xidməti borcuna sadiqlik, çətinliyə dözüm və s. birləşib. Və bu səmimiyyəti Şahmar Ələkbərov özünə xas şəkildə tamaşaçıya təqdim etməyi bacarıb.
1968-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasında görkəmli rejissor Tofiq Tağızadə “Mən ki, gözəl deyildim” filmini çəkir.
II Dünya Müharibəsi illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə həmyerlilərin şərik çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları filmdə öz əksini tapır.
Filmdə müharibə illərində uzaq qəsəbələrdən birində sürücü işləyən, zarafatcıl olduğu qədər də, səmimiyyətlə seçilən Məzahir obrazı Şahmar Ələkbərovun ifasında sanki daha da canlanır. Bütün psixoloji məziyyətləri ilə tamaşaçıda xoş ovqat yaradan Məzahir filmdə baş qəhrəmanı olmasa da, baş qəhrəman qədər filmin yükünü çəkir.
Ş.Ələkbərov bu filmdən sonra Tofiq Tağızadənin çəkdiyi “Yeddi oğul istərəm”, “Qızıl qaz” filmlərində də maraqlı obrazlar yaratdı.
“Yeddi oğul istərəm”dəki qəhrəmanı Qəzənfər də səmimi və yaddaqalandır.
1979-cu ildə yazıçı Ənvər Məmmədxanlının ssenarisi əsasında rejissor Eldar Quliyevin quruluş verdiyi “Babək” filmində Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkin həyat yolu və fəaliyyəti öz əksini tapıb.
Ş.Ələkbərov “Babək” filmində maraqlı tarixi obraz olan Cavidanı oynayır. Cavidanın döyüş səhnəsində görürük. Qəhrəmanın öz əqidəsi uğrunda ölümə getməsi aktyorun ifasında dolğun şəkildə təqdim olunur.
Eləcə də “Qatır Məmməd” filmindəki əsas qəhrəman olan Qatır Məmmədin mübarizə ruhu, Gəncəbasarlı xalq qəhrəmanı kimi döyüşü aktyorun ifasında canlı olduğu qədər də, təbiidir.
Aktyor kimi obrazdan obraza püxtələşən, müxtəlif xarakterli qəhrəmanların həyatı özününküləşdirərək yaşamağı bacaran Ş. Ələkbərov zamanı yetişincə rejissor kimi də kinoda öz sözünü deməyi bacardı.
Kinoda ilk işi rejissor Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi “İmtahan” filmi olub. Daha sonra müstəqil şəkildə “Sahilsiz gecə” və “Qəzəlxan” filmlərini yaratdı.
Rejissorun şair, qəzəlxan Əliağa Vahid haqqında çəkdiyi “Qəzəlxan” filmində vahid süjet xətti olmasa da, şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Ə.Vahidin ömür yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yarada bilmişlər.
Onun 1989-cu ildə çəkdiyi “Sahilsiz gecə” filmində ən çətin şəraitdə belə insanın dözümlü olması, ömrünü ləyaqətlə yaşaması, başqalarına lazım olduğunu heç vaxt unutmaması diqqətə çəkilir.
Bu silm öz dövründə böyük səs-küyə və etirazlara səbəb olsa da Şahmar Ələkbərov bü barədə sadəcə bir kəlimə deyib: “O sənət, sənət deyil, ətrafında mübahisələr yaratmırsa”…
Ömrü imkan versəydi, daha çox sənət nümunələri yaradacaqdı, çünki yarımçıq qalan ssenariləri var idi, ancaq talenin hökmü um qısa oldu…
Böyük aktyoru – Şahmar Ələkbərovu ömrünün 80 illik yubileyində böyük sevgi, hörmət və ehtiramla yad edirik!

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.