Azərbaycan Ordusu hərb tariximizə daha bir şərəfli səhifə yazdı. Ordumuzun sentyabrın 19-da günorta saatlarında başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.
Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçular və qeyri-qanuni silahlı birləşmələr zərərsizləşdirilərək təmizləndi.
Azərbaycan 32 ildən sonra ərazi bütövlüyünü bərpa etdi, dövlət sərhəddini bağladı, Qarabağ münaqişəsinə son qoydu.
2020-ci ilin 27 sentyabrına qədər isə Qarabağ münaqişəsi 30 illik ağır miras kimi Bakının ictimai-siyasi həyatının bütün məqamlarına hopmuşdu. Geopolitik güclərin Azərbaycana təklif etdiyi sülh ssenarilərinin hər bir səhifəsində bizdən bu işğalla barışaraq “təzə xanə”yə başlamaq və güzəştlər “paketinin” ağzını açmaq tələb olunurdu.
Dünyanın aparıcı mərkəzlərinin hər il hazırladığı təhlillərdə Cənubi Qafqazda böyük dövlətlərin maraqlarını təmin edəcək sülhün bağlanması və hazırkı status-kvonun saxlanması istənilirdi.
Müharibədən əvvəl hər il dünyanın ən müxtəlif təhqiqat institutlarının hazırladığı belə təhlillərin əsas motivi Azərbaycanı sülhə məcbur etmə idi.
“Azərbaycan müharibə edə bilməz!”, “Münaqişə ancaq dinc yolla, qarşılıqlı güzəştlərlə həll olunmalıdır!” kimi mövqe dolayısı ilə Ermənistanın hərbi teatrda qalib mövqeyinin qorunmasına və Bakını kompromislər girdabına salmaq niyyətini ifadə edirdi.
ATƏT-in Minsk Qrupunun bu illər ərzində fəaliyyəti isə bu təhlil “mətbəxlərində” hazırlanan “sülh respetlərini” danışıqlar stoluna daşımaq və faydasız müzakirələri təşkil etmək idi.
Minsk Qrupu bu 30 ildə Qarabağ münaqişəsinin tarixini və siyasi kökünü, onun Azərbaycan dövlətçiliyinin formalaşmasında oynadığı sütün rolunu anlaya bilmədi.
Ermənistan isə bütün bu bəyanatların və “status müzakirələri”nin geopolitik xülyasında üzərək özünün “strateji əvəzedilməziyinə” əmin idi.
Azərbaycan cəmiyyəti son 28 ildə Qarabağda uğradığı döyüş məğlubiyyətinin acı yükünü çiynində daşımaqla əsəbi və bir az da naümid şəkildə yaşayırdı. Bu illərdə TV-dən izlədiyi ənənəvi siyasi bəyanatlar, Minsk Qrupunun “növbətçi” açıqlamaları Qarabağ dərdinin məlhəminə çevrilə bilmirdi.
İlboyu ölkəyə səpələnmiş məcburi köçkünlərin sosial problemlərinin həllinə başı qarışan qurumların fəaliyyəti də qüssəli təəssürat yaradırdı: Baş vermiş işğal tarixi uzaqlaşdıqca onun yerini sanki sosial,maddi problemlərin həlli üçün çarpışmalar tuturdu.
Prezident İlham Əliyevin ilk gündən Qarabağ münaqişəsində tutduğu prinsipial mövqe beynəlxalq güclərin ehtiyatlı və şübhəli baxışları ilə müşayiət olunurdu.
Prezident açıq və qəti şəkildə Azərbaycanın ərazi bütövlüyünün heç bir halda pozulmasına yol verməyəcəyini bəyan edirdi. Onun son 17 ildə apardığı danışıqlarda ana xətti bu oldu.
Bütün resursların ana Vətənin işğal altında qalan ərazilərinin azad olunmasına yönəldən dövlət başçısının bu qətiyyəti əcnəbi təhlil mərkəzlərinin əndərəbadi “sülh reseptləri” müəlliflərinin çaşdırır və qorxudurdu.
Azərbaycan Ordusunun bir-birinin arxasınca əldə etdiyi qələbələr son nəticədə 27 il işğal altında qalmış rayonların, Dağlıq Qarabağdakı ərazilərin və ən nəhayət Azərbaycanın mədəni yaddaşı sayılan Şuşanın azad olunması ilə nəticələndi. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibə dünya hərb tarixinə “21-ci əsrin müharibəsi” kimi düşdü, beynəlxalq beyin mərkəzlərinin araşdırma təhlillərinin prioritetinə çevrildi.
Ən vacib məqam Azərbaycanın 30 il əvvəlki sərhədlərini bərpa etməsi oldu. SSRİ-nin qanlı mirası kimi bizə ötürülmüş Qarabağ münaqişəsinin başlanması ilə pozulan bu sərhədlər “genişlənən qara dəlik” kimi ölkənin 20 faizinin itirilməsinə səbəb olmuşdu. Kəlbəcər, Qubadlı, Laçın, Cəbrayıl, Zəngilanın işğalı ilə düşmən əlində qalan, Qarabağla Ermənistanın sərbəst əlaqəsini yaradan açıq sərhədimiz ölkənin inzibati xəritəsini tamamlamağa imkan vermirdi. 1991-ci ildə, SSRİ-nin ümumi “evində” oturan respublikamız müstəqilliyini yarımçıq sərhədlərlə bəyan etməyə məcbur olmuşdu.
İndi Laçında, Kəlbəcərdə, Qubadlıda qoyulan Azərbaycan dövlət sərhədinin postları ermənilər üçün “soyuq duş” effektinə çevrilməklə düşmənin xəyal dünyasını dağıdır. Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocavənddə dalğalanan Azərbaycan Bayrağı qurur mənbəyimizdir.
Şuşanın azad edilməsi müharibənin tarixində hamı üçün ən gözlənilməz hadisə oldu. Şuşa bu illər ərzində Azərbaycanın mənəvi həyatında, dünyagörüşündə və münaqişəyə baxışında məhək daşı idi. 1992-ci ilin mayında şəhərin itirilməsi azərbaycanlılarda şok yaratmışdı. Bu işğal xalqın ürəyinə dəyən “mənəvi güllə” idi.
Vətən müharibəsi Azərbaycan vətəndaşlarının vahidiyinin indikatoruna çevrildi. Tarixdə çox nadir rast gəlinən belə birlik dünyanı da heyrətə saldı.
Müharibə cəmiyyəti 27 ildən bəri sarmış məğlubiyət sindromunu darmadağın etdi. Bu illərdə TV-lərdən boylanan məzlum insanların ürəyi parça-parça edən görüntüləri, başını itirmiş siyasilərin bağırtıları, məğlubiyyətin dəhşətini duyan, pərakəndə halda kameraya qışqıran, söyən hərbiçilərin, Xocalıda körpə cənazələrinə ağlayanların kadrları məğlubiyyətin qüssəli portretinə çevrilmişdi.
Qələbə dövlət üçün çox vacib element olan vətəndaş əminliyini möhkəmləndirdi. Azərbaycan xalqının bütün təbəqələrinin bir nöqtəyə vurması vətənin sabahı üçün görüləcək işlər üçün unikal şans yaradıb.
Qarabağda qalibiyyətli müharibə ölkəmizin beynəlxaq münasibətlərdə yerini möhkəmlətdi, yeni faktorlarını ortaya qoydu. Şərti diqtə edən tərəfə çevrilən Bakı artıq hərbi qarşıdurma kimi mövcudluğunu itirmiş münaqişənin həlli üçün yeni siyasi çağırışlara hazır olan, onun gündəliyini müəyyən edən, formalaşdıran bir dövlətə çevrilib.
Azərbaycanın Müzəffər Ordusu bu müharibənin favoriti olmaqla əsgəri şücaətləri ilə parlaq tarix yazdı. Əsgərimizə güvən, Ali Baş Komandan İlham Əliyevə etimad, orduya inam ölkəmizin siyasi üfüqlərində yeni səhifələr açır.
Müharibə Azərbaycanın dünyada dostlarını da ortaya qoydu. Maraqlar mübarizəsinin qanlı çarpışmaları cövlan edən zəmandə haqlı mübarizənə dəstək almaq və sona qədər buna sadiq olmaq bu dostların aktivinə yazıldı.
Müharibə Ermənistan dövlətinin 100 illik siyasi ideyasını darmadağın etdi, “miatsum” məsləkini havaya sovurdu.
Azərbaycan Ermənistanı məğlub etdikdən sonra illərlə Dağlıq Qarabağ münaqişəsinin arxasında gizlənən geopolitik güclərin pərdəsi yırtıldı. Bu möhtəşəm qələbə ilə prezident İlham Əliyev MDB məkanında öz ərazi bütövlüyünü bərpa edən ilk prezident, zəfər möhürünü vuran ali baş komandan kimi tarixə düşdü.
X. SƏFƏROĞLU
Yazı MEDİA-nın dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.