Azərbaycan Ordusunun sentyabrda keçirdiyi bir sutkalıq antiterror əməliyyatlarından sonra ləğv olunmuş Qarabağdakı qondarma rejimin İrəvana qaçan separatçı tör-töküntüləri yenidən hərəkətləniblər. Xuntanın “vəzifəliləri” İrəvanda qondarma rejimin “dövlət institutlarının” bərpası haqqında Ermənistan hökumətinə müraciətlər ünvanlayırlar.
Qaragüruhun nümayəndələrindən olan Artaq Beqlaryan Ermənistan hökumətinə “Artsaxın dövlət orqanlarının” fəaliyyət göstərməsinə İrəvanda icazə verilməsini istəyib. Beqlaryan qeyd edib ki, “dövlət institutları” işləməlidir ki, Qarabağa qayıdışın formalarını müəyyənləşdirsin.
Onların bu istəyinə erməni müxalifəti dəstək nümayiş etdirir.
Özünü yanvarın 1-i 2024-cü ildə buraxacağını elan etməli olan qondarma qurumun nümayəndələrinin Ermənistan hökumətindən belə tələbləri sülh prosesinə hansı təsirləri göstərə bilər və bunun Azərbaycan üçün təhlükəsi nə qədərdir?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Azpost.info-ya açıqlamasında deyib ki, rejimin tör-töküntülərinin dirçəlmək cəhdində günahkar Ermənistan hökumətinin özüdür: “Ermənistanın hakim partiyasının deputatları onlara etiraz edir, bu istəklərinin reallığa uyğun olmadığını bildirirlər. Amma Ermənistan hakimiyyəti ortaya siyasi iradə qoymalı, onları ağzından vurmalıdırlar ki, belə ideyalara düşməsinlər. Onlar sülh prosesinə zərbə vurmaqla yanaşı, Ermənistan hakimiyyəti üçün də başağrısı olacaqlar. Beqlaryan kimi axmaqları Ermənistan hakimiyyəti də, erməni cəmiyyəti də başa salmalıdırlar ki, Artsax nağılı bitdi. Və belə ünsürləri rədd etməlidirlər. Bu ünsürlərin addımları Ermənistanın gələcəyi üçün, dövlət kimi qalması üçün təhlükədir”.
“Bu gün Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir. Paşinyanı hakimiyyətdən salmaq üçün müxtəlif dairələr müxtəlif addımlar atırlar. Qarabağ separatçılarından da bu yöndə istifadə edilir. Ermənistan hökuməti bəyan edir ki, İrəvanda Qarabağla bağlı hansısa “qurumun” fəaliyyəti qadağan olunur. Amma bu qadağaya uyğun tədbir görülmür. Hesab edirəm ki, Beqlaryan kimiləri Ermənistan Baş Prokurorluğuna çağırılmalı, çəkindirici xəbərdarlıq edilməlidir”, İ.İsmayıl vurğulayıb.
Ekspert bildirir ki, separatçıların İrəvanda “dövlət-dövlət” oyununu davam etdirməsinin Azərbaycan üçün təhlükəsi yoxdur: “Onların könüllü olaraq Azərbaycana gəlməsi perspektivi yoxdur. Azərbaycan bəyan edib ki, bizim şərtləri qəbul edən gəlib Qarabağda yaşaya bilər, əmlakları qorunur və s. Amma gəlmirlər. Biz istəmirik ki, hansısa beynəlxalq təşkilat, güc onların qolundan tutub Qarabağa gətirsin. Təhlükə o olar ki, onlar İrəvanda qondarma qurumun “strukturlarının” fəaliyyətini davam etdirsinlər, bundan da hansısa beynəlxalq güc – fransız, amerikan, rus istifadə etsin, onların bölgəyə qayıdışını gündəmə gətirsin. Ümumilikdə isə, Azərbaycan üçün onlar real təhlükə deyillər”.
Anar ABDULLA