Putin belarus, qazax və moldovalıların Rusiya vətəndaşlığına qəbulunu sadələşdirib
Prezident Vladimir Putin Belarus, Qazaxıstan və Moldova vətəndaşlarının Rusiya vətəndaşlığına qəbulunu sadələşdirən fərman imzalayıb.
Azpost.info bildirir ki, sənəd rəsmi internet portalında dərc olunub.
Prezidentin fərmanına əsasən, 18 yaşına çatmış Belarus vətəndaşları bir sıra tələblərə cavab vermədən Rusiya vətəndaşlığını ala biləcəklər. Belə ki, onlardan yaşayış icazəsi verildiyi gündən Rusiya Federasiyasında daimi yaşamaq, rus dilini bilmək , Rusiya tarixi və ölkə qanunvericiliyinin əsasları haqqında biliklərə malik olmaq tələb olunmayacaq.
Qazaxıstan və Moldova vətəndaşları üçün də sadalanan tələblər ləğv edilir. Bununla belə, onlar rus dilini bilmələrini təsdiqləməlidirlər.
Rusiya vətəndaşlığını almaq üçün belaruslar müvafiq ərizə, yaşayış icazəsi və pasport təqdim etməlidirlər. Qazaxıstan və Moldova vətəndaşlarından da rus dilini bildiyini sübut edən sənədlər tələb olunur.
2023-cü ilin birinci yarısında 4557 belarus və 13876 qazaxıstan Rusiya vətəndaşlığını qəbul edib. Ümumilikdə bu ilin yanvar-iyun aylarında 204 988 əcnəbi Rusiya vətəndaşlığını qəbul edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29% azdır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvar-oktyabr ayları ərzində Rusiya vətəndaşlığı alanların sayı 46% azalaraq 317 min nəfər olub. 2022-ci ilin iyulunda Vladimir Putin Ukrayna sakinləri üçün vətəndaşlıq almağı sadələşdirib.
Azpost.info