Gələcəkdən xəbər verən film necə çəkilib? –"Sehirli xalat"ın 60 yaşı tamam olur /FOTOLAR

Məşhur Azərbaycan filmi “Sehrli xalat”ın ekranlara çıxmasının 60 ili tamam olur.

Filmdə məşhur illüzionist İo Kionun köməyi ilə uşaqlar keçmişə və gələcəyə səyahət edirlər. Burada hər iki dövrə həmin dövrün uşaqlarının gözü ilə baxılır.

1964-cü ildə çəkilmiş filmin quruluşçu rejissoru Azərbaycan kinosunda özünəməxsus dəst-xətti ilə seçilən, uşaq-fantastika janrlı ekran əsərlərilə tanınan Əlisəttar Atakişiyevdir.

Filmin ssenarisini Ə.Atakişiyev Aleksandr Tarasovla birlikdə iki ilə yazıb. Filmdə təsvir olunan pionerlər sarayı “Azərbaycanfilm” kinostudiyanın pavilyonunda qurulub. Xanın şosedə məktəblilərdən qaçdığı natura kadrları isə Bakıda (Maştağa ilə Buzovna, Nardaran arasındakı yollarda) və Göyçayda (pambıq tarlasında) çəkilib.

Filmdə Əliağa Ağayev, Anatoli Falkoviç, İsmayıl Osmanlı, Əfrasiyab Məmmədov, Möhsün Sənani, Ağahüseyn Cavadov, Hüseynağa Sadıxov, Məmməd Sadıqov kimi o illərin ən yaxşı teatr və kino ustalarının rol alıb.

Filmdə uşaq rollarının ifaçıları olmuş xalq artisti, tarzən Zamiq Əliyev, Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Almaz Mustafayeva, əməkdar mədəniyyət xadimi Yusif Şeyxov və filmdə Zərifə rolunu ifa edən Solmaz Hətəmova müxtəlif vaxtlarda KİV-ə film barədə xatirələrini danışıblar.

Solmaz Həsənovanın açıqlamasına görə, “Sehirli xalat” filmində 13 yaşımda çəkilib: “Oxuduğum 150 saylı məktəbin direktoru dedi ki, qızların saç düzümünü yoxlamaq üçün komissiya gələcək. O  vaxt saçlar səliqə ilə yığılmalı, bantla bağlanmalı idi. Günlərin birində direktor iki nəfərlə sinifə gəldi. Sonradan bildim ki, rejissor köməkçiləridir. Biri Hamlet Qurbanov idi. Məni və bir qızı seçdilər və tapşırdılar ki, səhər  kinostudiyaya gələk. Əvvəlcə foto, sonra isə kinosınaqdan keçdik.
Əslində məni balaca pioner Səidə, digər qızı isə Zərifə roluna çəkmək istəyirdilər. Uşaq idim, necə olursa-olsun kinoya çəkilmək istəyirdim. Ona görə dedim ki, bütün rolları bəyənirəm. Bu dəfə rejissor soruşdu ki, Zərifə rolunu oynamaq istəyərsənmi? Açığı, rol böyük olduğundan tərəddüd etdim. Nə isə… Zərifə roluna 600 qız dəvət edilmişdi, sınaqdan sonra 10-15 nəfər qaldı, onların da arasından məni seçdilər.
Aktrisa olmaq istəmirdim, sadəcə filmə çəkilmək istəyirdim. Əslində, “Sehirli xalat” filminə çəkilməyimdən də valideynlərim narazı idi. Çox gözəl səsim vardı.
Çəkilişlərin bir hissəsi də Filarmoniyanın bağında keçirdi. 3 dəqiqəlik kadr bir neçə günə çəkilirdi. Mənim yeşikdən çıxan kadrım çox çətinliklə ərsəyə gəldi. Yeşiyin arxa hissəsini kəsib çarxın üstünə qoymuşdular və mən reysin üzərində durmuşdum. Onu iplə çəkirdilər və mən get-gedə böyüməli idim.

Uşaqların çoxu inanırdı ki, biz doğrudan da raketlə kosmosa uçmuşuq. Onları əsas maraqlandıran keçmiş və xan idi. Elə bilirdilər ki, biz doğrudan da keçmişə gedib xanla görüşmüşük. Filmdə xanın arxasınca qaçdığımız kadrlar 3-4 günə çəkilib. Bakı bağlarında qoca qadınlardan biri bizi su içib, üzüm yeməyə çağırdı və Əliağa müəllimi görəndə elə bildi, doğrudan da, xandır, az qaldı qarşısında baş əysin”.

Yusif Şeyxov uşaqların kinoya sevgisini belə şərh edir: “Hər gün çəkilişlərə Bakı məktəblərindən onlarla uşaq gəlirdi. Oxuduğum 23 nömrəli məktəbdən də bir neçə uşaq dəvət etmişdilər. Biz bir otağa daxil olurduq. Orda yaşlı bir adam oturmuşdu. Sonradan bu insanın bizi filmlərdə məşhurlaşdıran Əlisəttar Atakişiyev olduğunu bildim. O, uşaqlara bir neçə sual ünvanlayırdı. Maraq doğuran uşaqların ev ünvanları, telefon nömrələri götürülürdü. Məndən də telefon nömrəmi aldılar. Yoxlanılan uşaqlar digər çıxışa yönəldilir, başqa qapıdan yeni uşaqlar daxil olurdu. Beləcə, seçim davam edirdi. Biz foto sınaqlardan sonra kino sınaqlardan keçdik. Kinostudiyada hər gün yeni uşaqlar görürdük. Onlar sınaq çəkilişlərində iştirak etmək üçün gəlirdilər. Çəkilişlərdən əvvəl məşqlər başlanırdı. Uşaqlar öz aralarında bir-birlərinə rəqib kimi baxırdılar. Çalışırdıq ki, bizdən nə tələb olunursa artıqlaması ilə yerinə yetirək, hər birimiz üstünlüyü əldə saxlayaq. Çünki çəkiliş meydançası bizim üçün yarışma xarakteri daşıyırdı. Sınaq çəkilişlərində məni əvvəlcə Rəşid obrazı üçün çəkdilər, sonra isə Eldar roluna təsdiqlədilər. Rəşid roluna Azər Qurbanov çəkildi. Əlisəttar müəllim uşaqlarla səbir və həvəslə işləyirdi. Bu bizə stimul verirdi”.

Rəşid rolunun ifaçısı Azər Qurbanov deyib ki, filmin necə çətinliklə çəkildiyini xatırlayır: “Bürkülü pavilyon, dözülməz şərait… Həmişə rəhbərliklə qalmaqalda olan və aktyorların işi üçün daha yaxşı şəraitə müvəffəq olan rejissor Əlisəttar Atakişiyevin cəsarətini qeyd etmək lazımdır. Lakin bütün çəkilişlər heç də Bakıda baş tutmayıb – Aya uçuş kadrları Minskdə pavilyonda çəkilib.

ABŞ-da yaşayan Azər Qurbanov 2024-cü ilin yanvarında vəfat edib.

Filmin çəkiliş prosesindən fotolarla tanış olun.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.