Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən (ƏDV) azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, siyahıya Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti əlavə edilib.
Bu Fərman 2024-cü il sentyabrın 1-dən tətbiq edilir.
Əlavə məlumat
Əlavə dəyər vergisi dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək haqqının həcmini azalmasına səbəb olursa, ƏDV isə müəssisənin vəsaitlərinin həcmini azaltmır. Çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir.
Əlavə dəyər vergisinin iqtisadi mənası ondan ibarətdir ki, o, istehsalın və dövriyyənin bütün mərhələlərində yaradılmış və satılmış malların, işlərin, xidmətlərin dəyəri ilə istehsal və dövriyyə xərclərinə aid edilmiş material xərcləri arasındakı fərq kimi müəyyən edilən əlavə edilmiş dəyərin bir hissəsindən tutulur. Bu vergi hüquqi və fiziki şəxslərin fəaliyyəti prosesində yaranan dəyər artımının qanunvericiliklə müəyyən olunmuş kəmiyyətinin dövlət büdcəsinə ayrılan hissəsidir.
ƏDV-nin tətbiqi sferası iqtisadi subyekləri deyil, daha çox iqtisadi əməliyyat və fəaliyyətləri əhatə edir. Buna görə də, ölkənin hüdudlarından kənarda satılan mallar, göstərilən xidmətlərin ƏDV üzrə vergitutma obyekti olub-olmamasını müəyyən etmək üçün vergi qanunvericiliyində ƏDV-nin tutulması prinsipinə diqqət yetirmək lazımdır. Ümumiyyətlə, beynəlxalq praktikada əməliyatların ƏDV-yə cəlb olunmasının iki prinsipindən istifadə olunur:
- Mənşə ölkəsi (malların, işlərin və xidmətlərin istehsal olunduğu ölkə) prinsipi;
- Təyinat ölkəsi (malların, işlərin və xidmətlərin istehlak olunduğu ölkə) prinsipi.