Ali Məhkəmədə maşınla piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Faiq Vəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 18 dekabr 2022-ci il tarixdə, təxminən saat 18:30 radələrində Şəki rayonu, Aşağı Göynük kəndində qeydə alılıb.
Belə ki, Faiq Vəliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Göynük kənd sakini, 1980-cı il təvəllüdlü, piyada Rasim Əlimərdanovu vuraraq öldürüb.
Şəki Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Ali Məhkəmə isə Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti qismən təmin olunub, hökm cəzaya aid hissədə dəyişdirilib. Onun cəzası 5 il 2 aya qaldırılıb. Faiq Vəliyev məhkəmə iclas zalından həbs olunub.