Alim adını almaq üçün 22 min manat verdi –Məhkəmə qərarı

Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Kadastr və yer quruluşu layihə tədqiqat mərkəzi” MMC-də aparıcı mühəndis çalışan Lətifə Şahmarova “Eroziya prosesinin torpaqların istilik-fiziki xassələrinə təsirinin tədqiqi” adlı dissertasiya işinin müəllifidir.
AzPost bildirir ki, o, 2021-ci ildə aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün sənədlərini Prezident yanında Ali Attestasiya Komissiyasına göndərsə də, imtina cavabı alıb. Başqa sözlə elmi işi təsdiqlənməyib.
Alim olmaq istəyən L.Şahmarova iş yoldaşının əri Mübariz Babayevdən kömək istəyib və elmi dərəcəni təsdiqlətmək üçün ona 22 min manat verib. Bu pulları aldığını M.Babayev özü də boynuna alır.
Ötən ilin yayında L.Şahmarova M.Babayevdən şikayətçi olub. Ardından da polisə şikayət edib ki, nə alim ola bilib, nə də pulunu geri qaytarırlar. Beləcə, CM-in 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə cinayət işi başlanıb və M.Babayev həbs edilib.
Zərərçəkmiş qismində tanınan L.Şahmarova sonradan şikayətçi olmayıb. O, ərizə verib ki, qarşı tərəf ziyanı ödəyib, bu üzdən heç bir tələbi yoxdur.
M.Babayev də özünü təqsirli bilib, əməlindən peşman olduğunu və ziyanı tam ödədiyini vurğulayıb. Himayəsində azyaşlı uşaqları olduğunu nəzərə alıb həbsdən buraxılmasını, ona alternativ cəza verilməsini istəyib.
Alimlik dərəcəsi almaqdan ötrü 22 min manatlıq dələduzluq işiylə bağlı məhkəmə araşdırmaları bugünlərdə yekunlaşıb. M.Babayevə 3 il azadlığını məhdudlaşdırmaq cəzası kəsilib. O bu müddətdə elektron nəzarət qurğusu daşıyacaq. (Azadlıq Radiosu)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.