İran Hörmüz boğazını bağlaya bilərmi?– Neft qiymətləri hansı səviyyəyə çatar?

Tanker
Tanker

İsrail və İran arasında artan gərginlik fonunda beynəlxalq ekspertlər neft bazarını narahat edən əsas ssenarini müzakirə edirlər: İran Hörmüz boğazını bağlasa, nə baş verə bilər?

AzPost.az xəbər verir ki, dünya üzrə ixrac edilən neftin təxminən 30 faizi bu strateji boğazdan keçir. Hörmüz boğazı vasitəsilə hər gün on milyonlarla barrel xam neft Asiya, Avropa və Amerika bazarlarına daşınır. Belə həssas marşrutun bağlanması isə neft qiymətlərində kəskin artım və enerji bazarında xaosla nəticələnə bilər.

Ekspertlər hesab edir ki, hazırkı vəziyyət dəyişməz qaldığı təqdirdə, yəni Hörmüz boğazında hərbi toqquşma və ya genişmiqyaslı hücum baş verməsə, neftin qiyməti 75-80 dollar/barel aralığında sabit qalacaq. Hazırda Brent markalı neftin qiyməti təxminən 77,60 dollar səviyyəsindədir.

Lakin boğazın bağlanması və ya oradan keçən tankerlərə hücum halı baş verərsə, qısa müddət ərzində qiymətlər 90-100 dollar/barel həddinə qədər yüksələ bilər. Bu, qlobal enerji bazarında zəncirvari reaksiya doğuracaq.

Bununla belə, ekspertlər qeyd edir ki, İranın özünün də ixrac marşrutu məhz Hörmüz boğazıdır, və onu bağlamaq Tehranın öz iqtisadi maraqlarına zərbə vurmaq deməkdir. Qeyd edək ki, İranın iqtisadiyyatının əsas hissəsi neft satışından asılıdır və boğazın bağlanması nəticəsində ixrac dayanarsa, ölkənin iqtisadi vəziyyəti sürətlə pisləşə bilər.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, İran 2024-cü ildə gündəlik 3,3 milyon barrel neft hasil edib və bu, dünya hasilatının cəmi 3,1 faizini təşkil edir. İran neftinin əsas alıcısı isə Çindir.

Digər tərəfdən, analitiklər hesab edirlər ki, Rusiya kimi enerji ixracatçıları bu vəziyyətdən qısamüddətli fayda götürə bilər. Qiymətlərin yüksəlməsi Rusiyanın neft gəlirlərini artıracaq, bu isə sanksiyaların yaratdığı təzyiqlərin müəyyən dərəcədə kompensasiya olunmasına səbəb ola bilər.

Qeyd edək ki, iyunun 18-də Reuters agentliyi Hörmüz boğazından keçən tankerlərə İran sularına daxil olmamaq, yalnız Oman ərazisində qalmaqla hərəkət etmək barədə xəbərdarlıq edildiyini bildirib. Bu, bölgədə risklərin artdığını göstərir.

İtaliyanın “Eni” neft-qaz şirkətinin rəhbəri Klaudio Deskalçi isə bildirib ki, münaqişənin daha da dərinləşməsi və Hörmüz boğazının bağlanması hələlik “çox az ehtimallı bir ssenaridir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.