Azərbaycanda ət və ət məhsulları ailələrin gündəlik qidasında əsas yerlərdən birini tutur. Bu məhsulların qiymətlərinin ailə büdcəsinə təsirləri böyükdür. Yerli bazarlarda ət və ət məhsullarının qiymətlərini formalaşdıran əsas amillər kənd təsərrüfatı, bazar iqtisadiyyatı və dünya bazarlarıdır.
Son illərdə heyvan mənşəli ət və ət məhsullarının qiymətləri durmadan artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatlarının təhlili göstərir ki, 2015-ci illə müqayisədə yerli bazarlarda ət və ət məhsullarının qiymətləri 184,4% artıb. 2023-cü ildə bu göstərici 178,5% olub.
Statistikaya görə, 2024-cü ildə ölkədə ət və ət məhsulları istehsalı 386.223 ton, idxal 78.453 ton olub. Əhali 476.917 ton ət və ət məhsulları istehlak edib. 2023-cü ildə 379.726 ton istehsal, 66.751 ton idxal (cəmi 458.077 ton) olub. Beləliklə, 2024-cü ildə ət və ət məhsullarına tələbat 2023-cü ildəkindən 18.840 ton artıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, son 10 ildə ətin qiyməti 3 dəfəyədək bahalaşıb: 6-8 manatdan 17-22 manata çatıb. Bazarların təhlili də göstərir ki, ətin qiyməti əvvəlki illə müqayisədə yenə artmaqda davam edir.
Bu gün Bakıda və respublikanın digər şəhərlərində bir kiloqram ətin pərakəndə satış qiyməti 17-22 manat arasında dəyişir. Bəzi xüsusi kəsim heyvanlar üçün bu göstərici 23-25 manatadək artır. Regionlarda isə bir kiloqram ətin qiyməti 17-21 manat arasındadır.
Paytaxtda təzə qoyun ətinin kiloqramı 20-23 manat arasında satılır. Bir fermer mənimlə söhbətində bildirib ki, son aylarda ölkədə iri buynuzlu və xırda buynuzlu heyvanlar arasında dabaq xəstəliyi yayıldıqdan sonra yerlərdə sağlam heyvanın qiymətlərində artım müşahidə edilir.
Əvvəllər yerlərdə 1 kiloqramı 15-16 manata alınan mal əti indi 17-18 manata alınır. Sağlam qoyun ətinin ilk əldən alışında da 1-3 manat arasında artım var. Statistik rəqəmlərdən göründüyü kimi yerli istehsal tələbatı ödəmir.
Çünki əhalinin həm ət və ət məhsullarına tələbatı artıb, həm də ölkədə heyvanların sayında azalma baş verir. Yerli fermerlərin sözlərinə görə, istehsalın azalmasının əsas səbəbi örüş sahələrinin az olması, yemin qiymətlərinin bahalaşması, bazarların monopolyada olması, heyvandarılğın inkişafı ilə bağlı dövlətin vahid siyasətinin olmaması və yaxud bu siyasətin icrasının qənaətbəxş olmamasıdır.
Statistika Komitəsinin məlumatıi göstərir ki, son 5 ildə Azərbaycanda iribuynuzlu mal- qaranın, keçi və qoyunların sayı azalmaqda davam edib. Belə ki, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş, 2020-ci il yanvarın 1-nə isə 2 milyon 646,6 min baş olub.
Həmçinin 2025-ci il yanvarın 1- nə ölkədə olan qoyun və keçilərin sayı 6 milyon 896,5 min baş, 2020-ci il yanvarın 1- nə 8 milyon 189,2 min baş olub. Mal-qaranın, qoyun və keçinin sayının azalması ölkənin ət və ət məhsullarının təminatında idxaldan asılılığını daha da artırıb. https://www.stat.gov.az/source/food_balance…
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov rəsmi statistikaya əsaslanaraq bildirib ki, ötən il Azərbaycana idxal olunan ətin həcmi 41% artıb. Bununla belə, ötən il ətin qiyməti təxminən 20% bahalaşıb. “Artıq mağaza və bazarlarda yerli istehsaldan çox Braziliya, Qazaxıstan, Monqolustan, Belarus, Ukrayna və bəzi Avropa ölkələrindən gətirilən ət növləri üstünlük təşkil edir”. “Kənd yerlərində örüş sahələrinin azalması, yem qiymətlərinin bahalaşması, baytarlıq xidmətlərində çatışmazlıqlar və məhsul satışında olan əngəllər kəndliləri heyvandarlıqdan uzaqlaşdırır.
Su qıtlığı da ciddi problemdir. İnsanlar yonca sahələrini sulaya bilmirlər, yem qıtlığı yaranır. Belə şəraitdə kəndli mal-qaranı saxlamaq istəmir”. Cəfərov bildirib ki, başlıca problem isə yem bazasının zəifliyidir. “Azərbaycanda ət o zaman bol olacaq ki, ot istehsalı kifayət qədər çox olsun. Ot yoxdursa, ət də olmayacaq”, deputat belə qənaətdədir.
Müsahibim olan fermer deyib ki, hazırda bir pres bağlaması (10-15 kiloqram) samanın qiyməti 1-2 manat (qış aylarında 3 manat), bir ot bağlamasının (15-18 kiloqram) qiyməti 4-5 manat (qış aylarında 6-7 manat), yonca başlamasının (20-22 kiloqram) qiyməti hazırda 7 manat (qış aylarındca 8 manat), 1 kiloqrqm kəpəyin qiyməti hazırda 42-45 qəpikdir (qış aylarında bəzən 70 qəpiyədək artır). Fermerin sözlərinə görə, təklif azaldığından yemin qiymətlərində ötən illə müqayisədə elə də böyük dəyişiklik yoxdur.
“Hazırda hökumət heyvandarlıq məhsullarının istehsalı üçün fermerlərə, fərdi təsərrüfatlara hər hansı subsidiya ödənişləri etmir. Bununla yanaşı baytarlıq xidməti inkişaf edib. Baytar həkimlər çağırışlarımıza vaxtında gəlir, heyvanlara peyvəndlər vururlar. Süni mayalanma xidmətləri də fəaliyyət göstərir.
Amma, davaq xəstəliyinə qarşı vurulan peyvəndin elə də effekti olmadı. Heyvanlarımız xəstəlik keçirəndə baytar həkimlərin tövsiyəsi ilə dərmanları özümüz apteklərdən alırıq. Həmin dərmanların keyfiyyət sertifikatlarının necə olmasından isə xəbərsiz oluruq”, o qeyd edib. Fermer hesab edir ki, hökumət heyvandarlıq məhsullarının istehsalı üçün həvəsləndirici köməkliklər etməlidir. Bu köməklik nagd pul, faizsiz kreditlər şəklində ola bilər. Bununla yanaşı heyvanların otaraq yerləri genişləndirilməlidir. Milli parkların, qoruqların ərazisinə belə ev heyvanları buraxılmır. “Hökumət qoruq ərazilərində, milli parklarda vəhşi heyvanların qidalanması üçün ərazilər ayırıb. Amma bizim heyvanlarımız üçün otaraqlar kifayət qədər deyil. Son illərdə isə bir çox otaraq sahələri əkinçiliyə cəlb edilib.
Bu da heyvanların yem bazasının azalmasına ciddi təsir edib”, -fermer belə düşünür.
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, ətə tələbatın artması insanların maddi imkanlarının getdikcə yaxşılaşması və ölkəyə daha çox turist axının olması ilə bağılıdır. Bununla yanaşı o hesab edir ki, ölkədə ətin qiymətlərinin artmasına idxal qiymətlərinin artması da səbəb olur.
“Məsələn, İtaliya, İspaniya və Braziliyadan respublikamıza ət gətirilirdi. İndi həmin dövlətlərin ərazilərində quraqlığın hökm sürməsi heyvandarlığın da inkişafına mənfi təsir göstərib, ətin qiyməti bahalaşıb, deməli, bütün bunlar idxalın həcminin azalmasına gətirib çıxarıb. Vaxtilə Ukraynadan ölkəmizə kiloqramı 4 manata olan diri çəkidə heyvan gətirilirdi, burada kökəldilib nisbətən baha qiymətə satılırdı.
Artıq bu bazar fəaliyyət göstərmir. Rusiyadan idxal olunan ət oradan yüksək qiymətə alındığından respublikamızda təbii ki, baha satılır. Turizmin getdikcə inkişafı, toy və yas məclislərində israfçılığa yol verilməsi də ətə olan tələbatı artırır və qiymət artımına gətirib çıxarır”, Hüseynov bu qənaətdədir. Yerli ekspertlər ümid edirdi ki, Azərbaycanın 20% ərazilərinin işğaldan azad edilməsi yerli ət istehsalının artımına təkan verəcək.
Amma, ərazilərin işğaldan azad edildiyi son beş ildə ölkədə heyvanların sayı artmaq əvəzinə azalıb, ətin qiymətləri də müvafiq olaraq artıb. Halbuki ümumilikdə 1.7 milyon hektar ərazi işğaldan azad olunub. Bu ərazinin böyük hissəsi biçənəklər, otaraqlar, yaylaqlardır. Xatırladaq ki, son zamanlar qlobal bazarlarda da ətin qiyməti artmaqdadır.
Bununla yanaşı, qlobal bazarlardakı qiymətlər heç də Azərbaycandakı qiymətlərdən çox deyil. Təbii ki, inkişaf emiş ölkələrdə əhalinin qazancları Azərbaycandakından dəfələrlə çoxdur. Statistikaların təhlilinə görə, ABŞ-da dana ətinin parakəndə qiyməti son ildə 15,9% artaraq 453 qram üçün 6,3 dollar olub. Avropa İttifaqı Kənd Təsərrüfatı və Kənd İnkişaf Komissiyasının məlumatına görə, bu ilin oktyabrında orta hesabla donuz ətinin 1 kioqramı 1,64 avro (3 manat 28 qəpik), mal əti 6,87 avro (11 manat 67 qəpik), quzu əti 9,07 avro (10 manat 31 qəpik) olub. ( https://meatborsa.com/en/prices ) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir ki, qlobal ticarət gərginliyi, silahlı münaqişələr, əhalinin artımı bazar sabitliyinə təsir edir, ət bazarında xərcləri artırır.
Qlobal bazarda quş əti, qoyun əti, mal əti və donuz əti istehlakının 2034-cü ilə qədər müvafiq olaraq təxminən 21%, 16%, 13% və 5% artacağı proqnozlaşdırılır. https://www.oecd.org/…/fullreport/meat_5462e384.html
“Sürətli əhali və gəlir artımı səbəbindən qlobal istehlak artımının 45%-i yuxarı orta gəlirli ölkələrdə yerləşdiriləcək. Əhalinin çoxluğuna görə Çin və Hindistandan başqa, ölkə əsasında ət istehlakı artımının Braziliya, İndoneziya, Filippin, ABŞ və Vyetnamda ən yüksək olacağı gözlənilir.
Növbəti onillikdə 1,5 milyarddan 1,8 milyarda yüksələn Afrikada sürətlə artan əhali bu regionun ət istehlakında 33% əhəmiyyətli artıma səbəb olacaq”, FAO-nun proqnozunda deyilir. Bu səbəblərdən Azərbaycan qlobal bazarlardan asılığını minimuma endirmək üçün dövlət səviyyəsində proqramlar hazırlayıb, kənd təsərrüfatının potensialını artırmalıdır.
Tapdıq Fərhadoğlu