Çin Xarici İşlər naziri Van Yi Yaponiyanın Baş naziri Sanae Takaçinin Tayvanla bağlı hərbi müdaxilə ehtimalını xatırladan fikirlərinə kəskin reaksiya verib. Çin rəsmisi bu ifadələrin iki ölkə münasibətlərində toxunulmaz “qırmızı xəttin” aşılması olduğunu bildirib.
AzPost xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Van Yi Mərkəzi Asiya ölkələri — Qırğızıstan, Özbəkistan və Tacikistana səfərlərindən sonra gündəmdəki məsələlərlə bağlı dəyərləndirmə aparıb. O, Takaçinin səsləndirdiyi bəyanatların Çin-Yaponiya münasibətlərində diplomatik gərginliyə səbəb olduğunu vurğulayaraq belə deyib:
“Yaponiyanın hazırkı rəhbəri ictimai şəkildə Tayvan məsələsinə hərbi müdaxilə edilə biləcəyi mesajını verdi. Sözləməməli olduğu fikirləri səsləndirdi və toxunulmamalı olan qırmızı xətti keçdi. Çin buna qəti şəkildə cavab verməlidir.”
Van Yi, Yaponiya İkinci Dünya Müharibəsinin məğlub tərəfi kimi, Kahire Bəyannaməsi, Potsdam Bəyannaməsi və təslim aktı da daxil olmaqla Tayvanın Çinə qaytarılmasını təsdiqləyən beynəlxalq sənədlərə sadiq qalmalı olduğunu xatırladıb. Nazir həmçinin Yaponiyanın regiondakı keçmiş hərbi təcavüzü, Tayvanın işğalı və müstəmləkələşdirilməsi ilə bağlı tarixi məsuliyyət daşıdığını qeyd edib:
“Yaponiya keçmişi ilə – Tayvanın işğalı, müstəmləkə siyasəti və hərbi ekspansionizmin səbəb olduğu müharibə cinayətləri ilə üzləşməlidir.”
Van Yi əlavə edib ki, əgər Tokio mövqeyində geri addım atmasa və bu xətti davam etdirsə, beynəlxalq ictimaiyyət Yaponiyanın keçmiş hərbi cinayətlərini yenidən gündəmə gətirmək hüququna malik olacaq:
“Əgər Yaponiya yanlış yoldan dönməzsə, ədaləti müdafiə edən bütün ölkələr və xalqlar Yapon hərbi ekspansionizminin yenidən dirçəlməsinin qarşısını almaq üçün tarixdəki məsuliyyətlərini yenidən sorğulaya bilər.”