ABŞ dollarının dünya ölkələrinin mərkəzi banklarının beynəlxalq ehtiyatlarındakı payı rekord dərəcədə azalıb. AzPost xəbər verir ki, “The Kobeissi Letter” analitik resursunun məlumatına görə, dolların payı hazırda təxminən 40 faiz təşkil edir ki, bu da son azı 20 ilin ən aşağı göstəricisidir. Bu barədə “Prime” nəşri yazır.
Məlumata əsasən, son illər ərzində ABŞ valyutasının ehtiyatlardakı payı 18 faiz bəndi azalıb. Əgər 2020-ci illərin əvvəlində dollar qlobal ehtiyatların 59 faizini təşkil edirdisə, 2026-cı ilə doğru bu göstərici təxminən 14 faiz bəndi enib. Bu isə mərkəzi bankların ehtiyatlarından 3,2 trilyon dolların çıxarılması deməkdir.
Analitiklər bu ciddi dəyişiklikləri əvvəlki qlobal maliyyə sistemində yaranan böhranla əlaqələndirirlər. Xüsusilə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və ölkənin valyuta ehtiyatlarının dondurulması dollar asılılığının risklərini açıq şəkildə nümayiş etdirib. Eyni zamanda, BRİKS+ kimi regional birliklərin təsirinin artması və iqtisadi güc mərkəzinin Asiyaya doğru dəyişməsi də bu prosesə təsir göstərir.