Qazancı az olanlar üçün büdcə qurmağın 7 əsas yolu

Freelancerlər, müstəqil podratçılar və saatlıq işləyən şəxslər üçün gəlirin hər ay dəyişkən olması büdcə planlamasını çətinləşdirir. Aylıq nə qədər qazanacağınızı dəqiq bilməsəniz də, xərcləri nəzarətdə saxlamaq və eyni zamanda qənaət etmək üçün büdcə qurmaq vacibdir.

Valyuta.az gəliri qeyri-sabit olan şəxslərə aşağıdakı 7 əsas tövsiyəni verir:

1. Sabit xərcləri dəqiqləşdirin

Gəlir dəyişkən olsa da, kirayə və ya ipoteka ödənişi, avtomobil krediti, sığorta haqları və digər kreditlər sabit qalır. Büdcə qurarkən ilk addım bu xərcləri tam şəkildə müəyyənləşdirməkdir. Bundan əlavə, ərzaq və nəqliyyat xərcləri də qaçılmazdır və son ayların ortalamasına əsasən hesablanmalıdır.

2. Fövqəladə ehtiyat fondu yaradın

Sabit xərclərinizi 9-12 aya vurmaqla ehtiyat fondunun həcmini müəyyən edin. Gəliri qeyri-sabit olan şəxslər üçün müştərinin layihəni dayandırması və ya iş saatlarının azaldılması kimi risklər daha yüksəkdir. Ehtiyat fondu gözlənilməz xərclər zamanı kredit kartlarına müraciət etmədən problemi həll etməyə imkan verir.

3. “Sıfır əsaslı büdcə” metodundan istifadə edin

Bu metodda ay ərzində əldə edilən bütün gəlir xərclər və yığım arasında tam bölüşdürülür və sonda “0” qalır. Belə yanaşma xərclərə daha ciddi nəzarət etməyə kömək edir.

4. Qənaəti avtomatik edin

Gəlirin müəyyən hissəsinin avtomatik olaraq yığım hesabına köçürülməsi tövsiyə olunur. Məbləğ kiçik ola bilər, əsas məqsəd vərdiş formalaşdırmaqdır. Gəlir artdıqca bu məbləği yüksəltmək mümkündür.

5. Gəlir çatışmazlığını öncədən hiss edin

Bir neçə həftə sonra gəlirin azalacağını hiss etdikdə, əlavə iş saatları götürmək, gecikmiş ödənişləri xatırlatmaq və ya xərcləri azaltmaq kimi addımlar əvvəlcədən atılmalıdır.

6. Yüksək gəlir dövrlərində həddindən artıq xərcləməyin

Bonus, komissiya və ya əlavə qazanc əldə edildikdə, bu məbləğin böyük hissəsini ehtiyat fonduna və ya uzunmüddətli maliyyə məqsədlərinə yönəltmək daha məqsədəuyğundur.

7. Qeyri-müntəzəm xərclərə də hazır olun

Vergilər illik ödənilsə də, aylıq büdcədə nəzərə alınmalıdır. Mütəxəssislər gəlirə uyğun olaraq hər ay vergi üçün vəsait ayırmağı tövsiyə edir. Ekspertlərin fikrincə, gəliri qeyri-sabit olan şəxslər üçün əsas uğur amili planlı yanaşma və risklərə əvvəlcədən hazır olmaqdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.