Qeyri-kommersiya qurumlarının qeydiyyatı üçün hansı sənədlər lazımdır?

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı üçün ərizə ilə müraciət edilməlidir (ərizə forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.04.2005-ci il tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmişdir).

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

• təsis sənədləri – qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, siyasi partiyalara münasibətdə proqramı, habelə həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır);
• dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
• təsisçi hüquqi şəxs olduqda – onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
• təsisçi fiziki şəxs olduqda – onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
• qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;
•hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanın, siyasi partiyanın qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;
• siyasi partiyalara münasibətdə üzvlərinin reyestri;
• qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
• təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd;
• nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi;
• qeyri-kommersiya qurumunun adında “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadə olunduqda, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı barədə sənəd.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.