Arterial təzyiqin yalnız yüksək olması deyil, uzun müddət sərhəd göstəricilərdə sabit qalması da sağlamlıq üçün təhlükə yarada bilər. AzPost xəbər verri ki, bu barədə kardioloq Sergey Petrov açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, sistolik təzyiqin 130–139 mm civə sütunu, diastolik göstəricinin isə 85–89 aralığında olması rəsmi olaraq hipertoniyaya daxil edilməsə də, bu vəziyyət damarlar və ürək üçün əlavə yük deməkdir. Belə hallarda ürək qanı daha artıq güclə pompalamalı olur və zamanla bu, ürək-damar sistemində gizli problemlərə səbəb ola bilər.
Kardioloq xüsusilə yaşlı insanlarda “işçi təzyiq” anlayışına diqqət çəkib. Bir çox yaşlı şəxs 140/90 göstəricisini normal hesab edir və bunu yaşla əlaqələndirir. Lakin mütəxəssis bildirir ki, təzyiq davamlı şəkildə 130-dan yuxarı qalırsa, hətta insan özünü yaxşı hiss etsə belə, müayinədən keçmək vacibdir.
Digər tərəfdən, illərlə 120/80 göstəricisi ilə yaşayan şəxsdə təzyiqin səbəbsiz şəkildə 100/60-a düşməsi və aylarla bu səviyyədə qalması da təhlükəli siqnaldır. Bu hal gizli ürək çatışmazlığı və ya vegetativ sinir sistemində pozğunluqla əlaqəli ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, gün ərzində təzyiqin kəskin dəyişməsi – məsələn, bir ölçmədə 110, digər ölçmədə isə 150 göstərməsi – damar divarlarını daha tez sıradan çıxara bilər. Bu cür dalğalanmalar sabit hipertoniyadan daha riskli hesab olunur.
Kardioloqların tövsiyəsinə görə, narahatlıq doğuran əsas məqam tək bir ölçmə deyil, davamlı tendensiyadır. Əgər bir neçə həftə ərzində göstəricilər mütəmadi olaraq risk zonasına düşür və ya səbəbsiz şəkildə dəyişirsə, mütləq mütəxəssisə müraciət edilməlidir. Erkən diaqnostika ürək-damar xəstəliklərinin qarşısını almaqda əsas rol oynayır.