Fevralın 18-də “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş, Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı dövlət ittihamçısı” və “İlin ən yaxşı prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
“İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı prokuroru” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin təşkili və keçirilmə qaydaları barədə müvafiq olaraq Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov çıxışlar edərək ətraflı məlumatlar veriblər.
Müsabiqələrin nəticələrinə əsasən, “İlin ən yaxşı müstəntiqi” seçilmiş Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Məhərrəm Məmmədova, “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Balakən rayon məhkəməsi üzrə) Gültac İsgəndərliyə və “İlin ən yaxşı prokuroru” seçilmiş Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuror-metodisti Nazim Xəlilova Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.
Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.
2025-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “İki sahil” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, “ARB 24” xəbər telekanalının direktoru Radik İsmayılov, operativmedia.az xəbər portalının rəhbəri Fərrux Qocamanlı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya proqramları studiyasının redaktoru Südabə Cahangirli, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi proqramlar redaksiyasının ali dərəcəli rejissoru Rəhimə Mirzəyeva, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş buraxılış redaktoru Pərvin Abbasov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoqrafı Vüqar İbadov “Prokurorluğun dostu” mükafatı ilə təltif olunublar.
Təltif olunan şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, prokurorluq orqanları ilə səmərəli əməkdaşlığın bundan sonra da uğurla inkişaf etməsi naminə çalışacaqlarını ifadə ediblər.