İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan Beynəlxalq Aeroportuna dron hücumu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
XİN rəsmisi Azərbaycanın AnewZ kanalına açıqlamasında deyib ki, bu hadisə mütləq araşdırılmalıdır.
Nazir müavini qeyd edib ki, İran yalnız düşmənlərinin hərbi bazalarının yerləşdiyi əraziləri hədəfə alır: “Məsələ ilə bağlı yayılan məlumatların dəqiqliyi araşdırılmalı və hadisənin necə baş verdiyi müəyyənləşdirilməlidir”.
“İran İslam Respublikasının siyasətində qonşu ölkələrə hücum etmək və ya onları hədəfə almaq yoxdur. O vaxta qədər ki, orada bizim düşmənlərimiz olan ABŞ və İsrail rejiminin aktiv hərbi bazaları yoxdur. Hansı ki, onlar İranda günahsız insanlara hücum etmək üçün istifadə olunur. Çünki biz ən başdan elan etmişdik ki, hansısa baza İrana hücum edəcəksə, biz onları hədəfə alacağıq. Bizim elan etdiyimiz siyasət budur”, – o açıqlamasında bildirib.
Xatırladaq ki, İran Naxçıvanın Beynəlxalq Aeroportuna dron zərbəsi endirib. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.