Azərbaycanda içməli su böhranı nə qədər realdır? –Ölkə su riski ilə üz-üzə

Son illərdə qlobal miqyasda içməli su ehtiyatlarının azalması artıq təkcə ekoloji deyil, həm də siyasi və iqtisadi təhlükə kimi qiymətləndirilir.

Azpost.info bildirir ki, BMT və digər beynəlxalq qurumlar xəbərdarlıq edir ki, yaxın onilliklərdə su çatışmazlığı milyonlarla insanın həyatına birbaşa təsir göstərəcək.

Statistika nə deyir?

BMT-nin hesabatlarına görə dünyada 2 milyarddan çox insan təhlükəsiz içməli suya çıxışdan məhrumdur. 2050-ci ilə qədər suya tələbatın 50%-dən çox artacağı gözlənilir. Artıq 40-dan çox ölkə ciddi su stressi yaşayır. Bu rəqəmlər göstərir ki, problem lokal deyil, qlobal miqyas alıb.

Su böhranını yaradan amillər çoxşaxəlidir. İqlim dəyişikliyi nəticəsində quraqlıq artır, çay və göllər quruyur, buzlaqlar sürətlə ərir. Sürətlə artan əhali suya tələbatı yüksəldir, xüsusilə böyük şəhərlərdə su ehtiyatları üzərində təzyiq artır. Su ehtiyatlarının böyük hissəsi kənd təsərrüfatı və sənayedə istifadə olunur. Effektiv olmayan suvarma sistemləri israfı artırır.

Sənaye tullantıları və məişət çirkab suları içməli su mənbələrini yararsız hala salır.

Su artıq strateji resursa çevrilməkdədir. Ekspertlər xəbərdarlıq edir ki, gələcəkdə “su müharibələri” riski arta bilər. Məsələn, Nil çayı ətrafında ölkələr arasında gərginlik, Fərat çayıDəclə çayı üzərində nəzarət uğrunda mübahisələr yarana bilər. Bu kimi nümunələr göstərir ki, su artıq enerji qədər strateji əhəmiyyət daşıyır.

Azərbaycan üçün risk varmı?

Su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.

Azərbaycan da su baxımından tam təhlükəsiz ölkələr sırasında deyil.

Azərbaycanın ümumi su ehtiyatları məhdud olub, təxminən 30 mliyard kubmetr təşkil edir. Bu ehtiyatların 70%-i qonşu ölkələrdən gələn transsərhəd çaylar, yalnız 30%-i isə ölkə daxilində formalaşır.

Yəni ölkəmizin su ehtiyatlarının böyük hissəsi xarici mənbələrdən formalaşır. Əsas risklər transsərhəd çaylardan asılılıq, quraqlıq dövrlərinin artması, su itkisi və köhnə infrastrukturla bağlıdır.  Xüsusilə Kür çayıAraz çayı üzərində vəziyyət region üçün kritik hesab olunur.

İqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azaldığı və 2050-ci ilə qədər 20-25% azalacağı gözlənilir.

Azərbaycanda ümumilikdə 8359 çay vardır. Bunların əksəriyyəti kiçik (uzunluğu 5 km-dən az) və azsuludur. Azərbaycan ərazisinin təxminən 75 faizi Kür çayı hövzəsinə daxildir. Çay suları ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) daxili çaylardan formalaşır.

Quraqlıq illərində transsərhəd su ehtiyatlarının həcmində kəskin azalma müşahidə edilir. Eyni zamanda, Kür və Araz çaylarının su ehtiyatı qonşu ölkələrin ərazisində sugötürücü qurğularla mənimsənilmə nəticəsində xeyli səviyyədə azalır. Bu isə ölkədə suya tələbatın ödənilməsində ciddi çətinliklər yaradır.

Azərbaycanda 140-dan çox su anbarı vardır. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 15,7 milyard kubmetr), Şəmkir (həcmi 2,7 milyard kubmetr), Araz çayı üzərindəki Xudafərin (həcmi 1,6 milyard kubmetr) və Araz (həcmi 1,3 milyard kubmetr), habelə Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,56 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır.

Ölkə ərazisində mövcud olan 700-ə yaxın gölün əksəriyyəti yay aylarında quruyur. Qurumayan təbii göllərin sayı təxminən 250-dir.

Yeraltı suların hər il 2 milyard kubmetrdən artığı əkin sahələrinin suvarılmasına və yaşayış yerlərinin su təchizatına sərf edilir. İstismara yararlı qrunt sularının ümumu tutumu bir il üçün 8−9 milyard kubmetr arasında hesablanıb. Ən çox ehtiyata malik yeraltı sular Qusar maili düzənliyindədir və ehtiyatı 1,3 milyard kubmetr təşkil edir. Yeraltı sularla ən az təmin olunan ərazi Abşeron yarımadasıdır.

Ölkənin su təsərrüfatı balansı ildən-ilə dəyişir və 2023-cü ildə 25,5 milyard kubmetr təşkil edib, 2020-ci ildə isə 23,2 milyard kubmetr ilə son 5 ilin minimumu qeydə alınıb.

Dünya Resursları İnstitutunun son tədqiqatına əsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesabatına əsasən, Azərbaycanın su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ilə 5−10 faiz və 2070-ci ilə 10−15 faiz, digər ssenari üzrə isə 2040-cı ilə 10−15 faiz və 2070-ci ildə 15−25 faiz azalacağı proqnozlaşdırılır.

Mütəxəssislər problemin həlli üçün bir neçə əsas istiqamət göstərir. Bura su ehtiyatlarının səmərəli idarə olunması, yeni texnologiyalar (duzsuzlaşdırma, təkrar istifadə), su israfının azaldılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi daxildir. Bəzi ölkələr artıq dəniz suyunun təmizlənməsi və süni su ehtiyatlarının yaradılması kimi innovativ həllərə keçib.

İçməli su problemi artıq gələcəyin deyil, bu günün reallığıdır. Əgər vaxtında tədbirlər görülməzsə, bu böhran iqtisadiyyatları sarsıda, miqrasiyanı artıra və hətta yeni münaqişələrə səbəb ola bilər.

Su  həyatdır. Bu həyat resursunun qorunması artıq bütün bəşəriyyətin ortaq məsuliyyətinə çevrilib.

Sunay AYDIN

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.