Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Yaxın Şərqdəki hərbi münaqişələrə cəlb olunma ehtimalı ilə bağlı son nöqtəni qoyub. AzPost xəbər verir ki, Baş nazir Britaniyanın milli maraqlarının hər şeydən üstün olduğunu və kənar təzyiqlərin Londonun qərarlarına təsir edə bilməyəcəyini vurğulayıb.
“Yalnız Britaniyanın maraqları əsasdır”
Hökumət başçısı bəyan edib ki, Britaniya ordusunun xarici münaqişələrdə iştirakı yalnız ölkənin təhlükəsizliyi birbaşa təhdid altında olduqda mümkündür. O, İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı mövqeyini belə ifadə edib: “Mənə və hökumətimə qarşı hansı təzyiqlərin olmasından, kütləvi informasiya vasitələrində hansı səs-küyün qaldırılmasından asılı olmayaraq, mən yalnız Britaniyanın milli maraqlarına uyğun hərəkət edəcəyəm. Heç bir təzyiq bizi yolumuzdan döndərə bilməz. Bura Britaniyadır və burada yalnız Britaniyanın maraqları qərarların əsasını təşkil edir.”
“Bu müharibə bizim deyil”
Starmer son günlər bölgədə artan “müharibə anonsları” fonunda əhali arasında yaranan narahatlığa da toxunub. O, Britaniyanın İranla hər hansı hərbi qarşıdurmada iştirak etmək niyyətinin olmadığını qətiyyətlə bildirib: “Bizim İranla bağlı heç bir marağımız yoxdur və bu müharibədə iştirak etmək üçün heç bir hüquqi və ya strateji əsas görmürük. Panikaya ehtiyac yoxdur. İranla müharibə bizim müharibə deyil və orada iştirak etməyəcəyik. Bu müharibə kimindirsə, onu da onlar həll etməlidir.”